“Edillidə tapılan kütləvi məzarlıqla bağlı məlumatlar Avropa Məhkəməsinə təqdim olunub”.
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədrini müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.
Onun sözlərinə görə, artıq 2015-ci ildə Avropanın İnsan Haqları Məhkəməsi "Çıraqovlar Ermənistana qarşı" işində bildirib ki, Azərbaycan ərazilərinin bir qismi Ermənistanın ciddi nəzarətindədir yəni bu torpaqlar işğal edilib. Bu ərazilərdə etnik təmizləmə aparılıb, qeyri-qanuni yaşayış məntəqələri tikilib ki, bütün bunlar beynəlxalq hüquqa ziddir.
O, beynəlxalq humanitar hüquq çərçivəsində münaqişənin nəticələri barədə vurğulayıb ki, Ermənistan tərəfi bu torpaqları minalayıb və məqsəd mülki şəxslərin hədəf alınması, onlara zərə vurmaq olub.
Çingiz Əsgərov 2020-ci ilin noyabrından bəri 200-dən çox azərbaycanlının bu minaların qurbanı olduğunu, bu şəxslərin arasında həlak olan və yaralananların əksəriyyətinin də mülki şəxslər olduğunu vurğulayıb: “Ermənistan tərəfi işğal olunmuş ərazilərdə mədəni-tarixi abidələri, qəbiristanlıqları məqsədli şəkildə minalayıb. Mina təhlükəsi bu torpaqların sakinlərinin təhlükəsiz şəkildə geri dönməsinə mane törədir ki, bu da insanların təhlükəsiz şəraitdə yaşmaq hüququnu pozur".
Çingiz Əsgərov vurğulayıb ki, 44 günlük müharibədə Ermənistan tərəfi qadağan olunmuş silahlardan istifadə edərək, Bərdəni, Gəncəni hədəf alıb, nəticədə çox sayda mülki sakinlər həyatını itirib ki, onların arasında çox sayda uşaqlar var: "Ermənistan tərəfi bu hücumlara haqq qazandırmaq üçün guya hərbi infrastrukturu hədəf aldığını bəyan etdi. Ancaq onların bombaladığı ərazidə heç bir hərbi obyekt yerləşmirdi.
"Human Rights Watch" da hesabatında bəyan etdi ki, mülki infrastruktur qadağan olunmuş silahlardan istifadə olunaraq hədəf alınıb. Ermənistan prezidentinin hərbi məsələlər üzrə müşaviri də yerli televiziya kanalına müsahibəsində dedi ki, bu şəhərlər məqsədli şəkildə hədəf alınıb, məqsəd qorxuya və xaosa səbəb olmaq olub. Beynəlxalq media bu ərazilərə səfər edərək hazırladığı xəbərlərdə də bildirib ki, bombalanan ərazilərdə heç bir hərbi obyekt olmayıb əksinə bu ərazilər əhalinin sıx yaşadığı yaşayış məntəqələridir. Ermənistan tərəfi beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq mülki əhaliyə və infrastruktura ayrı-seçkilik edilmədən, məqsədli şəkildə hədəf alıb”.
