“Tərtər işi” üzrə cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş polkovnik-leytenant Cavid Ağayev məhkəməyə müraciət edəcək.
Bu barədə e-huquq.az-a açıqlamasında C. Ağayev özü bildirib.
C.Ağayev ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb edir: "Mən 2016-cı ildə Aprel döyüşlərində iştirak etmiş, erməni işğalçılarının törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyim qəhrəmanlıq və igidliyə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif olunmuşam. Lakin 2017-ci ildə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olundum və 7 aydan artıq həbsdə saxlanıldım. Bu müddət ərzində psixi və fiziki zorakılıqlara məruz qaldım. Bir müddət öncə isə məhkəmənin qərarı ilə bəraət aldım və zərərçəkmiş şəxs kimi tanındım. İndi qanunsuz həbs olunmağım və işgəncələrə məruz qalmağımla bağlı məhkəməyə müraciət edəcəyəm. Mənə dəymiş maddi və mənəvi zərərə görə təzminatın ödənilməsinin təmin olunmasını tələb edirəm".
O, yenidən ordu sıralarına qayıtmaq arzusunda olduğunu deyib: "Hərbiyə qayıtmaq, vətənimə, xalqıma xidmət etmək istəyirəm. Mən hər zaman cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləmişəm, bu gün də Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda döyüşməyə və canımdan keçməyə hazıram".
Qeyd edək ki, Ali Məhkəmə bir müddət əvvəl "Tərtər işi" ilə bağlı ittiham olunmuş 18 nəfər barəsindəki son kassasiya qərarını ləğv edərək yenidən apelyasiya baxışına göndərib.
