Məzmuna keç

“Elektron məhkəmə” informasiya sisteminin yeni versiyası hazırlanır

"Biz "Elektron məhkəmə" informasiya sistemi üzərində işləməyə başlayanda hakimlərə fokuslanmışdıq. Onların işin asanlaşdırılması nəzərdə tutulmuşdu. Lakin sistem inkişaf etdikcə başa düşdük ki, fəaliyyətimizi genişləndirmək lazımdır. Çünki məhkəmə sistemi təkcə hakimlərdən ibarət deyil. Vəkillərin burada böyük rolu var".

E-huquq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbirdə çıxış edərkən deyib.

O qeyd edib ki, sistemin vəkil üçün nə kimi imkanlar yaratdığı araşdırılıb: "Deyə bilərəm ki, bu gün sistemdə müəyyən boşluqlar var. Lakin biz boşluqların aradan qaldırılması üçün çalışırıq. Vəkillərdən də təkliflər gəlir. Hazırda 40-a yaxın təklifdən ibarət paket var. Biz onları reallaşdıracağıq. Artıq "Elektron məhkəmə"nin ikinci versiyası üzərində çalışırıq. Burada tək hakimlər yox, vəkil və digər proses iştirakçıları da nəzərə alınacaq. Eyni zamanda "Mobil məhkəmə" üzərində də işləyirik. Yaxın zamanda təqdim edəcəyik".

Xəyalə Bünyatova