Bu gün Mingəçevir Şəhər Məhkəməsində öldümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kamil Ağayev və Tural Mövlanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə e-huquq.az-a Ağayevin vəkili Əli Hüseynov məlumat verib.
O bildirib ki, hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub: "Hökmə əsasən hüquqlarını müdafiə etdiyimiz Kamil Ağayevin əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib. Digər təqsirləndirilən Tural Mövlanov isə 5 il müddətinə azadlıqdan məhrum edilib".
Qeyd edək ki, hadisə Mingəçevir şəhəri ərazisində baş verib. Belə ki, K. Ağayevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə T. Mövlanovun idarə etdiyi "Hyundai-Sonata" markalı minik avtomobili toqquşub və nəticədə avtomobillərdən biri yolun kənarında dayanan 5 nəfər piyadaya dəyib. Piyadalardan biri – Təzəgül Abbasova dünyasını dəyişib, 4-ü müxtəlif dərəcəli xəsarət alıb.
Zərərçəkmiş şəxslərin hamısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi”nin əməkdaşları olub.
