“Avropada mülki ədalət mühakiməsi günü” çərçivəsində Bakı şəhər Nəsimi Rayon Məhkəməsində keçirilmiş “Açıq Qapı" günündə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bir qrup tələbəsi iştirak edib.
E-huquq.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin hakimləri məhkəmənin fəaliyyəti, məhkəmə-hüquq islahatları, Azərbaycanın hüquq sistemində həyata keçirilən fundamental dəyişikliklər, məhkəmə hüquq-sisteminin beynəlxalq hüquq normalarına uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində görülən işlər barədə tələbələrə ətraflı məlumat verib.
Hüquqşünas tələbələr, eyni zamanda, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlükləri, spiker hakimlərin fəaliyyəti, müvafiq infrastrukturun yenilənməsi istiqamətində görülən işlərlə tanış olublar.
Öz təcrübələrini tələbələrlə bölüşən Nəsimi Rayon Məhkəməsinin kollektivi onların çoxsaylı suallarını cavablandırıblar.
Qeyd edək ki, 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il oktyabr ayının 25-i “Avropada mülki ədalət mühakiməsi günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd Avropa Şurasına üzv dövlətlərin vətəndaşlarının mülki hüquqlar və bu hüquqların həyata keçirilməsini təmin edən məhkəmə orqanlarının gündəlik fəaliyyəti haqqında məlumatlılıq səviyyəsinin artırılmasıdır.
.jpg)
.jpg)
