Ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək normativ aktın layihələri işlənib hazırlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin bu gün keçirilən Kollegiya iclasında məlumat verilib.
Kollegiyada dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərin nəticələri müzakirə olunub.
Qeyd edilib ki, Fərmanda məhkəmə sisteminin qarşısında duran bütün məsələlər, o cümlədən sahibkarlığın inkişafına və bank sektorunun fəaliyyətinin səmərəliliyinə xidmət edən, onların məhkəmə mübahisələrinin operativ həlli ilə bağlı tədbirlər əhatə olunub.
Fərmanın icrası çərçivəsində sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı yeni qanun qəbul olunaraq kommersiya və həmçinin inzibati məhkəmələr təsis edilib.
