Bakıda dələduzluqda təqsirləndirilən “Daniz Travel” MMC-nin direktoru Azadə Səfərova barəsində olan hökmdən kassasiya şikayəti verib.
E-huquq.az-ın məlumatına görə, artıq şikayət Ali Məhkəməyə təqdim edilib və hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, A.Səfərova öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməkdə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib. İstintaq zamanı Azadə Səfərova zərərçəkmişlərin bir qisminin zərərini ödəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Azadə Səfərova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Eltac Nurullazadə
