Məzmuna keç

İrandan Azərbaycana külli miqdarda narkotik keçirən şəxslər hakim qarşısına çıxarılır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Rahim Ataşov, Mehriban Latif Mohsen və Parsa Jaffarlou Amrrza Ramazanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 10-a təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX və DSX-nin keçirdiyi birgə əməliyyat nəticəsində saxlanılıblar. İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar əsasında Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Sabirabad rayon sakini Ataşov Rahim Hacı oğlu külli miqdarda narkotik vasitə olan 37 kiloqram 550 qram qurudulmuş marixuananı idarə etdiyi avtomobilin yük yerində daşıyarkən tutulub. Aparılan araşdırmalarla dövlət sərhədini qanunsuz yolla keçərək külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisinə keçirib İmişli rayonunda Rahim Ataşova təhvil verdiyi müəyyən edilən, üzərilərində şəxsiyyəti təsdiq edən sənədləri olmayan İran İslam Respublikası vətəndaşları, 1966-cı il təvəllüdlü Mehriban Latif Mohsen və 1980-ci il təvəllüdlü Parsa Jaffarlou Amrrza Ramazan dövlət sərhədində saxlanılıblar. Faktla bağlı DTX-də aparılan cinayət işi üzrə Rahim Ataşov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri, Latif Mehriban və Amrrza Parsa Jaffarlou isə Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə yanaşı 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Eltac Nurullazadə