Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev İli” elan olunaraq dahi Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
E-huquq.az xəbər verir ki, bu münasibətlə martın 29-da Şirvan Apellyasiya Məhkəməsinin təşkilatçılığı ilə Ulu Öndərin yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Şirvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Şirvan Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan Şirvan Şəhər Məhkəməsinin, Şirvan Kommersiya Məhkəməsinin, Şirvan İnzibati Məhkəməsinin hakimləri və aparat işçiləri, eləcə də Şirvan Regional Ədliyyə İdarəsinin əməkdaşları iştirak ediblər.
Aksiyaya fəal qoşulan hakimlər, aparat işçiləri və Şirvan Regional Ədliyyə İdarəsinin əməkdaşları ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə Şirvan şəhərinin iqliminə uyğun olaraq Məhəmməd Füzuli adına parkda iynəyarpaqlı (sərv) və şam ağacları əkiblər.
Həmçinin, əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Ağacların mühafizəsi və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.
