Xəbər verdiyimiz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələyə baxılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bu təyinat ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, nazirin bu vəzifəyə uyğun olmadığı, onun məhkəmə-hüquq sahəsində təcrübəsinin olmaması, bu sahədə özünü doğrulda bilməyəcəyi barədə fikirlər səsləndirilib.
Məsələ ilə bağlı e-huquq.az-a danışan deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, İ.Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı məsələyə "Məhkəmələr və hakimlər haqqında" Qanunda sadalanan müddəalar rəhbər tutulmaqla baxılır.
""Məhkəmələr və hakimlər haqqında" Qanunun 93.4-cü maddəsi hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydasını müəyyən edir. Qaydaya görə, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər hakim vəzifəsinə namizədlərin seçilməsi üçün müəyyən olunan yazılı və şifahi imtahan prosedurlarından kənar, qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndi və 95-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq Ali Məhkəmənin hakimlərini isə Azərbaycan Respublikasının Prezidentinin təqdimatı əsasında Milli Məclis təyin edir", – deyə o bildirib.
Deputat qeyd edib ki, İ.Kərimov ölkənin tanınmış və çox yüksək təhsilli hüquqşunaslarından biridir: "O, 2002-2012-ci illlərdə Prezidentin Administrasiyasında məsləhətçi və baş məsləhətçi, 2012-2018-ci illərdə Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, 2018-ci ildən isə Kənd Təsərrüfatı naziri vəzifələrində çalışmaqla 21 illik hüquq təcrübəsinə malikdir. Düzdür, mediada 2012-ci ildən etibarən onun hüquq sahəsində çalışmadığını iddia edənlər var, lakin bu mövqe qəbuledilməzdir, çünki o, hər iki mərkəzi icra hakimiyyəti orqanına rəhbərlik etməklə müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirib, əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edib və onların, habelə rəhbərlik etdiyi qurumda qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirib, habelə tabeliyindəki vəzifəli şəxslərin qanunvericiliyə zidd olan qərarlarını ləğv edib, eləcə də inzibati xətalar haqqında işlərə baxaraq pozuntulara görə inzibati tənbeh müəyyənləşdirmək səlahiyyətlərinə malik olub. Bütün bunlar təbii ki, istisnasız olaraq hüquqi prosedurlardır və ixtisasını da nəzərə alsaq, deməli inzibati orqana rəhbərlik etdiyi dövr İnam Kərimov üçün hüquq sahəsində iş təcrübəsidir. Bu mənada qeyd olunan istiqamətdə hər hansı mübahisəyə lüzum yoxdur".
İ.Kərimovdan gözləntilərə gəlincə isə B.Məhərrəmov deyib ki, o, Prezidenti İlham Əliyevin islahatlarla bağlı iradəsini ən çevik və səmərəli icra edən vəzifəli şəxslərdən biridir.
"Cənab Prezidentin tövsiyələrini rəhbər tutmaqla o, "ASAN xidmət" təcrübəsi ilə şəffaflıq və əhalinin məmnunluğunu ehtiva edən çox uğurlu sistem qurub. Bir çox sahələrdə bürokratik əngəllər məhz "ASAN" təcrübəsi ilə aşılıb. Eyni zamanda "Asan Xidmət" Azərbaycan brendi və məhsulu kimi beynəlxalq aləmdə də yüksək qiymətləndirilib, bu təcrübəyə çoxsaylı müraciətlər var. Həmçinin İnam Kərimov Kənd Təsərrüfatı naziri kimi də rəqəmsallaşma, elektron xidmətləri uğurla tətbiq etməklə bu sahədə ciddi şəffaflığa nail olub. Yəni cənab Prezidentin islahat kursunun uğurlu məzunu kimi, onun Ali Məhkəmədə səmərəli fəaliyyət göstərəcəyinə şübhə ilə yanaşmağa əsas yoxdur. Nəzərə alsaq ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi cənab İlham Əliyev məhkəmə hüquq islahatlarının dərinləşməsində qərarlıdır, bu mənada məhz cənab Kərimovun əvvəlki təcrübəsinin faydalı olacağını proqnozlaşdırmaq çətin deyil. Lakin, bir məqamı unutmamalıyıq ki, Milli Məclis İnam Kərimovu Ali Məhkəməyə sədr yox, hakim vəzifəsinə təyin edir. Əlbəttə, təyinat baş tutarsa "Məhkəmələr və hakimlər haqqında" Qanunun 94-cü maddəsinə müvafiq olaraq onun da kassasiya instansiyasının hər bir hakimi kimi Ali Məhkəməyə sədr təyin olunmaq hüququ yaranacaq. Lakin bu məsələ Parlamentin nə səlahiyyətində, nə də müzakirəsində olan məsələdir",- deyə deputat qeyd edib.
Lalə Salmanova
