Məzmuna keç

Şaiq Mirzəyev: “İnam Kərimovun peşəkarlığı və qətiyyəti məhkəmə-hüquq sisteminə ciddi töhfələr verəcək”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü il 4 aprel tarixli Sərəncamı ilə İnam Kərimov Ali Məhkəmənin sədri təyin olunub.

Bu təyinata qədər İnam Kərimov Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in ilk rəhbəri, 2018-ci ildən Kənd Təsərrüfatı naziri vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri də icra etmişdir.

2012-ci ildə “ASAN Xidmət”in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın, elektronlaşmanı təmin etmək olub və İnam Kərimovun “ASAN Xidmət”də çalışdığı 6 il müddətində dövlət xidmətlərinin göstərilməsində yeni düşüncə tərzi gətirib.

İnam Kərimov kənd təsərrüfatı naziri kimi də ölkə başçısının göstərdiyi yüksək etimadı doğruldub, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib. O, Prezident tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün təsərrüfatlarda modern texnologiyaları tətbiq etməklə, subsidiyaların verilməsində ümumi qaydalar və şəffaflığı təmin etməklə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində olan problemləri aradan qaldırıb təqdir olunan nizam yaratmağa nail oldu.

Vaxtilə həm Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində, eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışmış İnam Kərimov korrupsiya ilə mübarizə sahəsində də kifayət qədər təcrübə və bacarığa malikdir.

Bütün bunlar onu deməyə əsas verir ki, İnam Kərimov bir hüquqşünas alim kimi bilik və bacarığını hakimiyyətin digər qolunda – Ali Məhkəmədə də tətbiq edəcək və Azərbaycanda məhkəmə sisteminin inkişafına öz töhfəsini verəcək. Bu təyinat məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi, eyni zamanda mənfi halların aradan qaldırılması və gələcəkdə məhkəmə hakimiyyətinin daha şəffaf keçirilməsi, ədalətin tam təmin edilməsi və vətəndaşlarımızın hüquqlarının etibarlı qorunmasına xidmət edəcək. Onun Azərbaycanı dünyada tanıdan “ASAN Xidmət” modelinin tətbiqində rolu və Kənd Təsərrüfatı Nazirliyinə gətirdiyi yenilikçi ideyalar Ali Məhkəmədə də diqqətçəkən dəyişikliklərin olacağını deməyə əsas verir.

Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin təmin edilməsi yeni yanaşmaların tətbiqini, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və daha da dərinləşdirilməsini zəruri edib. Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqların icrası bu gün də davam etməkdədir. Sözügedən Fərmada Azərbaycan Respublikasının Ali Məhkəməsinə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirilməsi tövsiyə edilmişdi. Ədalət mühakiməsinin səmərəliliyi üçün əhəmiyyət kəsb edən bu məsələdə, eyni zamanda Fərmanda qeyd olunan digər istiqamətlərdə islahatların keyfiyyətinin artırılması üçün hüquq islahatları sahəsində böyük təcrübə sahibi olan İnam Kərimovun sədrliyi ilə Ali Məhkəmə tərəfindən ciddi işlər görüləcəyi labüddür. Ümumiyyətlə, qarşıya qoyulan hədəflərə daha sürətlə çatmaq üçün hüquqi bərabərliyin və vətəndaş məmnunluğunun təmin olunması baxımdan məhkəmə-hüquq sisteminə cəmiyyətdə ən yüksək etimad formalaşmalı, hər bir vətəndaş ədalət mühakiməsinin məhz ədaləti təmin edəcəyinə tam əmin olmalıdır. Azərbaycan Prezidentinin müəyyən etdiyi tələblər səviyyəsində insan hüquq və azadlıqlarının müdafiəsində, qanunçuluğun təmin edilməsində yeni nailiyyətlər əldə ediləcək. Bütövlükdə, hüquqi islahatların dərinləşdirilməsini nəzərdə tutan Fərman məhkəmə-hüquq sisteminin daha da inkişafını, fəaliyyətin müasir standartlar səviyyəsinə çatdırılmasını təmin edir.

İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunması Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatların davamlı inkişafına və bu sahədə ən demokratik ənənələrin bərqərar olmasına yeni töhfələr verəcək.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru