Azərbaycan Respublikasında 2023-cü il ulu öndər Heydər Əliyevin anadan olmasının yüzüncü ildönümü ilə bağlı “Heydər Əliyev ili” elan edilib. Bununla əlaqədar tədbirlər planına əsasən, 13 aprel 2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzində olub.
E-huquq.az xəbər verir ki, tədbirdə Bakı Kommersiya Məhkəməsinin sədri, hakimləri, məhkəmə aparatının işçiləri və hazırda məhkəmədə təcrübə keçən hakimliyə namizədlər iştirak ediblər. Mərkəzlə tanışlıq zamanı ulu öndərin həyat yolu, zəngin və çoxşaxəli irsi, Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri olan Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğində mühüm əhəmiyyəti iştirak edən şəxslərin nəzərinə çatdırılıb, onlar ümumilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı məlumatlar, şəkillər və videomateriallar ilə tanış olublar
Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov tədbirdə çıxış edərək, müasir Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması və ölkəmizin beynəlxalq areanda tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, onun insan və vətəndaş hüquq və azadlıqlarının təminatı və müdafiəsi üzrə məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün apardığı islahatlar barəsində danışıb.
