Bakıda bir ailənin 3 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Rəsmi məlumata görə, ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradovu, onun oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradovanı kəsici alətlə qətlə yetirib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarova isə bədən xəsarətləri yetirib. Xəzər Rayon Məhkəməsinin qərarı ilə Səfərov Nofəl Səfər oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 maddələri irəli sürülüb.
Şəbnəm Mehdizadə
