Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Səmədulla Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Nəsimi rayonu, S.Vurğun küçəsi, “Zabitlər Parkı”nın qarşısında qeydə alınıb. Məmmədzadə Səmədulla Yədulla oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yolu keçmək istəyən piyadalar 1975-ci il təvəllüdlü Süleymanlı Aynurə Əşrəf qızı və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurub. Nəticədə M.Tağıyeva hadisə yerində ölüb, A.Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
