Şəki Rayon Məhkəməsinin sədri Ceyhun Əhmədov Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, məhkəmə sədri müraciətində İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 54.2, 43.3-1-ci maddəsinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15.02.2016-cı il tarixli 795 nömrəli fərmanının 5.6-cı hissəsi ilə əlaqəli şəkildə, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından şərh edilməsini istəyib.
Həmin müraciəti təqdim edirik:
"14 sentyabr 2022-ci il tarixdə Qax şəhəri ərazisində yerləşən "XXXXX" və "YYYYYY" özəl klinikalarının lisenziyasız olaraq fəaliyyət göstərməsi barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qax rayon şöbəsindən Qax rayon prokurorluğuna məlumat daxil olmuşdur. Həmin müraciətlə əlaqədar Qax rayon prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, "XXXXXX" MMC-nin nizamnaməsi əsasında onu təmsil etmək və adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi-direktoru XXXX XXXX XXXX oğlu tərəfindən "XXXXX" MMC-a məxsus Qax şəhəri, H.Əliyev prospekti XXX ünvanında yerləşən eyniadlı özəl klinika 2022-ci ilin may ayından hazıradək lisenziyasız olaraq fəaliyyət göstərərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
"XXXXXX" MMC-yə (VÖEN XXXXXXXXX) məxsus Qax şəhəri H.Əliyev prospekti XXX ünvanında yerləşən "XXXXX" özəl tibb müəssisəsinin lisenziyasız fəaliyyət göstərməsi barədə Qax rayon prokurorluğunda toplanmış XXXX nömrəli material Azərbaycan Respublikası Baş Prokurorluğunun 17.10.2022- ci il tarixli 06/09-XXX nömrəli məktubu ilə araşdırma aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin 15.03.2023-cü il tarixli qərarı ilə CPM- nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, "XXXXX" MMC-nin vəzifəli şəxslərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün material Baş Prokurorluğa göndərilmişdir.
02.06.2023-cü il tarixdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsi tərəfindən "XXXXX" MMC barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul edilmiş, inzibati material 06.06.2023-cü Məhkəməsinə daxil olmuşdur.
İnzibati xəta haqqında işə baxılarkən müəyyən edildi ki, İXM-in ümumi hissəsinin ayrı-ayrı maddələrinin tətbiqinin mümkünlüyü ilə bağlı müxtəlif, fərqli yanaşmalar mövcuddur ki, bu hal da hazırkı müraciətlə Konstitusiya Məhkəməsinə müraciət edilməsini zəruri edir.
Belə ki, hazırki müraciətin səbəbi odur ki, məhkəmənin inzibati xəta haqqında iş üzrə qəbul etdiyi qərar yuxarı instansiya tərəfindən ona görə ləğv edilir ki, iş üzrə inzibati icraat başlamaq haqqında qərar məhkəməyə deyil, qəbul edildikdən sonra ilkin olaraq baş vermiş inzibati xətanın tövsif olunduğu maddə üzrə işlərə baxmaq səlahiyyəti olan səlahiyyətli orqana göndərilməli, həmin orqanın tərtib etdiyi protokol baxılması üçün məhkəməyə göndərilməlidir.
Birinci instansiya məhkəməsində olmuş bu cür işlər baxıldıqdan sonra qərar apellyasiya məhkəməsində yuxarıda qeyd edildiyi səbəbdən ləğv edilmiş, protokol tərtib edilməsi üçün müvafiq orqana göndərilməsindən ötrü məhkəməyə və ya prokurorluğa qaytarılmışdır.
Qeyd olunan qaytarılmalar əməlin aid olduğu inzibati xətaya dair işlərə baxılması üçün müəyyən edilmiş müddətin keçməsinə səbəb olmaqla, cəzasızlıq hallarına şərait yaratmış, dövlətə əsaslı ödənilməli olan kifayət qədər cərimə ödəmələrini kənarda qoyur.
Hazırki inzibati xəta haqqında iş də bu qəbildən olmaqla şərhə ehtiyacı hesab olunan hallar və qanunun normaları ondan ibarətdir ki, baş vermiş hadisənin tövsif olunduğu İXM-nin 210.1-ci maddəsi ilə olan işlərə baxılması "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15.02.2016-cı il tarixli 795 nömrəli fərmanının 5.6-cı hissesine esasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə aid edilmişdir.
Lakin İXM-nin 18.5-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127-4.5- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən İXM-nin 43.2-1-ci və 54.2- ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən İXM-nin 43.1-ci maddəsində göstərilen inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların ve müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Həmçinin İXM-nin 43.3-1-ci maddəsinə əsasən həmin Məcəllənin 18.6- ci maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır.
İXM-nin 18.6-cı maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların – yəni, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, qeyd olunan vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.
İXM-nin 54.1-ci maddəsində göstərilir ki, prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının ve qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.
İXM-nin 54.2-ci maddəsinə əsasən 162-1, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 284.2, 339.2-339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (deəfnə icaz verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4-538- 1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir.
İXM-nin 54.4-cü maddəsində göstərilir ki, prokuror bu Məcəllənin 99.1.2 ve 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər.
Burdan da görünür ki, daxil olmuş məlumatlara baxan prokurorun 15 gün müddətində 2 qərardan birini, ya inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul etməsindən başqa alternativ qərar – aidiyyəti üzrə göndərməsi nəzərdə tutulmur.
İXM-nin 54.5-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.
Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər 1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasite ve ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, 2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, 3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlardır.
Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır.
Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən İXM-nin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzre icraat başlanılır.
İXM-nin 102.2-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir.
Göründüyü kimi, hüquqi şəxs barəsində olan işlərə hər bir halda məhkəmələr tərəfindən baxılmalı və inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilməlidir kimi qanunun birbaşa imperativ tələbi olduğu halda, baş vermiş hadisənin tövsif olunduğu maddə ilə olan işlərə baxılması digər səlahiyyətli orqana aid edildiyi səbəbindən birinci instansiya məhkəməsi kimi qəbul etdiyimiz qərarlar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilərək səlahiyyətli orqana göndərilməsi üçün geri məhkəməyə və ya inzibati icraat başlamış prokurorluğa qaytarılmaqla inzibati xəta haqqında işə baxılması müddətinin keçməsi ilə təqsirli şəxsin cəzadan yayınmasına və cəzasızlıq mühitinə şərait yaradır.
Əgər inzibati xətanın tövsif olunduğu əməl üzrə təqsirli hüquqi şəxsdirsə ve ya İXM-nin 18.2-ci maddəsində sadalanan vəzifəli şəxs ya da işçisidirsə və bu işlərə baxılması məhkəməyə aid olub inzibati tənbeh tədbiri yalnız hakim tərəfindən görülürsə onda işin digər səlahiyyətli orqana göndərilməsinin səbəbi və əsası nədir və nəyə görə göndərilməlidir?
Protokol tərtib edilməsi üçün göndərilməsi uyğun deyil ona görə ki, inzibati icraat haqqında qərarda protokolun bütün rekvizitləri öz əksini tapır və protokolu əvəz edir.
Bundan başqa, həm də İXM-nin 100.1-ci maddsində göstərilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Deməli, inzibati xətanın törədilməsi haqqında protokol, prokuror tərəfindən inzibati icraat başlanılan işlər üzrə tərtib edilmir.
İnzibati icraatın başlanmasının əsaslı olub-olmadığını yoxlamaq əsası ilə də doğru olmazdır ona görə ki, Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edən prokurorun inzibati icraat başlamaq haqqında qərarını inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan digər orqan və ya vəzifəli şəxsin yoxlayıb rədd və ya xitam etməsi qanunun ruhuna uyğun görünmür.
Qeyd olunanlardan görünən odur ki, İXM-nin 54.2-ci maddəsində prokurorun səlahiyyətinə xüsusi aid edilmiş inzibati icraat başlamaq üçün olan maddələrdən başqa, ikinci cümlədə göstərilən İXM-nin 99.3-cü maddəsinə esasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malik olması səlahiyyəti hər hansı bir həddə məhdudlaşmadığı üçün belə bir vəziyyət yaranmışdır. Yəni, dövlət orqanı olan DTX-dan məlumat almış prokurorluğun araşdırma aparmaq, inzibati icraat başlamaq hərəkətlərində hazırki vəziyyətdə qanundan kənar heç nə görünmür.
Əgər məhdudiyyət qoyulsaydı ki, baxmaq səlahiyyəti digər orqan və ya vəzifəli şəxsə aid olan maddələr üzrə prokurorluğun inzibati xəta haqqında iş üzrə icraat başlamaq səlahiyyəti yoxdur və ya araşdırma nəticəsində iş üzrə icraata başlamaq səlahiyyətinin prokurorluğun özünə qanunla aid edilmədiyi aşkar edildikdə materiallar inzibati icraat başlamadan səlahiyyətinə aid edilmiş orqana və ya vəzifəli şəxsə göndərilməlidir, onda prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərarı mübahisəli olardı. Nə qədər ki, belə məhdudiyyət yoxdur, məhkəmə də daxil olmuş iş üzrə qərar qəbul etməkdə tam səlahiyyətlidir.
İXM-nin müvafiq tələblərinə görə, hüquqi şəxslər barəsində işlərə yalnız hakim inzibati tənbeh tətbiq edir, habelə inzibati icraat haqqında qərar inzibati xəta haqqında protokolu əvəz edir. Belə olan halda, prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış materialın bundan sonra əməlin aid olduğu maddə üzrə işlərə baxmaq hüququ olan səlahiyyətli orqan və ya vəzifəli şəxsə göndərilməsi məntiqə uyğun görünmür.
Hesab edirik ki, yuxarıda sadalanan məsələlərə aydınlıq gətirilməsi, bir tərəfdən, hüquq tətbiqetmə təcrübəsinin inkişafına xidmət edə, digər tərəfdən isə, praktikadakı əyintilərin qarşısının alınması və potensial qanun pozuntularının baş verməsinə şərait ola biləcək halların aradan qaldırılmasına töhfə verə bilər.
Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 54.2, 43.3-1-ci maddəsinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15.02.2016-cı il tarixli 795 nömrəli fərmanının 5.6-cı hissəsi ilə əlaqəli şəkildə, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından şərh edilməsinə zərarət yaranmışdır.
AIHM "Sandi Tayms" Birləşmiş Krallığa qarşı iş üzrə qərarında (1979) göstərmişdir ki, "Qanun" sözünə istinad müvafiq müdaxilənin dövlətdaxili qanunvericilikdə əsasa malik olmasını tələb edir. Eyni zamanda, o, sözügedən qanunun keyfiyyətini də nəzərdə tutur. "Qanunla nəzərdə tutulmuş" ifadəsinin başa düşülməsində mühüm anlayış "nəticələrin öncədən görülməsi" anlayışıdır. Başqa sözlə, Məhkəmə qanunun formasından daha çox, onun xarakterinə və nə dərəcədə aydın olmasına diqqət yetirir. Məsələn, qeyri-müəyyən və ya dolaşıq formulə edilən və ya dərc olunmayan qanunların nəticələrini öncədən görmək mümkün deyil. Məhkəmə "öncədən görülmə" ifadəsini belə şərh etdi ki, bu anlayışın tələbinə görə: birincisi, qanun adekvat qaydada çatımlı olmalıdır ki, şəxs konkret hala tətbiq edilə bilən hüquq normasına malik olsun və ikincisi, qanun kifayət qədər dəqiq ifadə edilməlidir ki, şəxs öz davranışını tənzimləyə bilsin. Şəxs konkret hərəkətinin doğurduğu nəticələri konkret vəziyyətdə ağlabatan dərəcədə öncədən görə bilər. Neticələrin tam müəyyənliklə öncədən görülməsi vacib deyil, çünki tam müəyyənliyə nail olmaq adətən mümkün olmur. Hətta tam müəyyənliyin mümkün olduğu hallarda belə, normanın həddən artıq konkretliyi qanunun dəyişən şəraitlə ayaqlaşa bilməməsinə səbəb ola bilər. Bir çox qanunlar Ümumi şəkildə formulə edilib və onların şərhi və tətbiqi praktikanın öhdəsinə düşür.
Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh və təfsir olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar.
Məhkəmə təcrübəsində mövcud olan bu fərqli mövqelər qeyd edilən məsələlərlə bağlı qanunvericiliyin şərhini zəruri edir.
Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında ifadə olunan hüquqi mövqelərin hüquq tətbiq edən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir.
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri bir qayda olaraq Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır.
«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində göstərilir ki, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, Şəki Rayon Məhkəməsinin icraatında olan "XXXXX" MMC-nin barəsində İXM-nin 210.1-ci maddəsi ilə olan inzibati materiala baxılması zamanı yaranmış zərurətlə əlaqədar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 54.2, 43.3-1-ci maddəsinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15.02.2016-cı il tarixli 795 nömrəli fərmanının 5.6-cı hissəsi ilə əlaqəli şəkildə, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından şərh edilsin".
