Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan sürücünün istintaqı başa çatdı

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Eynullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Banbaşı kəndi ərazisində baş verib. 2002-ci il təvəllüdlü Eynullayev Namiq Natiq oğlunun idarə etdiyi “VAZ 217030” markalı avtomobil 1992-ci il təvəllüdlü Ağayev Miri Mirqədir oğlunun idarə etdiyi “VAZ 21043” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ 21043” markalı avtomobil yolun kənarından axan su kanalına aşıb, Miri Ağayev hadisə yerində ölüb, həmin avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Masallı rayonu Banbaşı kənd sakini Seyfullayev İlkin Qubad oğlu və “VAZ 217030” markalı avtomobilin sürücüsü Namiq Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. N.Eynullayevə qarş Cinayət Məcəlləsinin 263-1.3-cü baddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə