Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin iclasında Qaradağ Rayon Məhkəməsi sədrinin məlumatının dinlənilməsi keçirildi –

Bakı Apellyasiya Məhkəməsinin 2023-cü ilin ikinci yarımilinə dair iş planına əsasən avqustun 25-də məhkəmənin Rəyasət Heyətinin iclasında Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən 2022-ci ilin ikinci yarımilində baxılmış mülki işlər üzrə mülki və mülki prosessual qanunvericiliyin tələblərinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə həmin məhkəmə sədri Azər Paşayevin məlumatının dinlənilməsi keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən İlham Cəfərov ölkədə uğurla davam etdirilən məhkəmə-hüquq islahatlarından bəhs edərək bu sahədə qəbul edilmiş ölkə Başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanını xüsusi qeyd edib. İclasa sədrlik edən çıxışında həmin Fərmana, eləcə də «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunununa əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, həmçinin məhkəmə qərarlarının sabitliyinin təmin edilməsi baxımından Bakı Apellyasiya Məhkəməsi tərəfindən metodik kömək göstərilməsi məqsədilə mütəmadi olaraq məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində görüşlərin, o cümlədən iş planına əsasən məhkəmənin Rəyasət Heyətində birinci instansiya məhkəmələrinin sədrlərinin məlumatlarının dinlənilməsinin həyata keçirildiyini diqqətə çatdırıb. Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən İlham Cəfərov bu sahədə həyata keçirilən tədbirlərin vacibliyini vurğulayaraq cari ilin ikinci yarımilinə dair iş planına əsasən dinləmənin həyata keçirilməsi üçün sözü Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri Azər Paşayevə verib.

İclasda çıxış edən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri Azər Paşayev 2022-ci ilin ikinci yarımilində mülki işlərlə əlaqədar məhkəmənin icraatına daxil olan iş və materialların icraat növləri üzrə təhlilinə, eləcə də onların apellyasiya qaydasında baxılmasına dair əldə olunan statistik məlumatları diqqətə çatdırıb. Qeyd olunub ki, birinci instansiya məhkəməsinin məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsinin və dəyişdirilməsinin səbəbləri məhkəmənin hakimləri ilə birlikdə mütəmadi olaraq öyrənilərək müzakirə olunur və işlərə baxılarkən vahid məhkəmə təcrübəsini təmin etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin tövsiyələrinin daim diqqətdə saxlanılaraq onlara əməl edilməsi təmin edilir.

Daha sonra sözügedən dinlənilmənin keçirilməsi üzrə məsul şəxs – Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Xəyal Sarıyev Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən baxılmış mülki işlər üzrə qanunvericiliyin tələblərinə, o cümlədən maddi və prosessual hüquq normalarına əsasən riayət edildiyini, lakin bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas olmuş xarakterik nöqsanlara, bir sıra hallarda isə qanunvericiliyin tətbiqi ilə bağlı müəyyən pozuntulara yol verildiyini bildirib. Apellyasiya məhkəməsinin hakimi konkret misallara Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin bir sıra ləğv edilmiş və dəyişdirilmiş məhkəmə aktlarına istinad edib.

Bundan əlavə, məhkəmənin mülki kollegiyasının sədri vəzifəsini müvəqqəti icra edən Məmməd Məmmədov çıxışında Qaradağ Rayon Məhkəməsi tərəfindən baxılmış mülki işlər üzrə bəzi hallarda müəyyən xarakterik nöqsanlara yol verildiyini, yəni işin hallarının natamam araşdırıldığını, məhkəmə proseslərində tərəflərin iştiraklarının təmin edilmədiyini, verilmiş vəsatətlərin lazımi qaydada müzakirə olunmadığını diqqətə çatdırıb.

Məhkəmənin cinayət kollegiyasının sədri Elmar Rəhimov isə çıxışında Qaradağ Rayon Məhkəməsindən daxil olmuş və apellyasiya qaydasında baxılmış cinayət və inzibati xətalara dair işlər, eləcə də prosessual məcburiyyət tədbirləri və digər materiallar barədə məlumat verib, iş və materiallara baxılarkən qanunvericiliyin tələblərinə əsasən əməl edildiyini, lakin bəzi hallarda müəyyən xarakterik nöqsanlara yol verildiyini də vurğuluyaraq həmin pozuntuların nədə ifadə olunduğunu qeyd edib.

Sədr vəzifəsini müvəqqəti icra edən İlham Cəfərov iclası yekunlaşdıraraq keçirilmiş dinləmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətini bir daha qeyd edib və ədalət mühakiməsinin həyata keçirilməsində səslənən tövsiyələrin nəzərə alınmasını xahiş edərək, hakimlərə fəaliyyətlərində uğurlar arzulayıb.