- 13 İyun 20:51
Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri Rafael Eyvazov və hakimi Xəyal Sarıyev, habelə cinayət kollegiyasının hakimi Fərid Əyyubov metodik kömək göstərmək məqsədilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində olublar.
E-huquq.az-ın məlumatına görə, Qaradağ Rayon Məhkəməsinin sədri Azər Paşayev məhkəmə tərəfindən baxılmış mülki və cinayət işləri üzrə statistik məlumatları təqdim edib, yuxarı instansiya məhkəmələrinin təcrübəsinin mütəmadi olaraq təhlil və müzakirə olunmaqla diqqətdə saxlanıldığını bildirib.
Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının sədri Rafael Eyvazov Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən baxılmış mülki işlər üzrə məhkəmə aktlarının dəyişdirilməsi və ləğv olunmasına dair statistik məlumatları diqqətə çatdırıb, maddi və prosessual qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə bəzi işlər üzrə xarakterik nöqsanlara yol verildiyini bildirib.
Hakim Fərid Əyyubov Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılmış hökm və qərarların apellyasiya qaydasında dəyişdirilməsi və ləğv olunmasına dair statistik göstəricilər barədə məlumat verib, məhkəmənin hakimləri tərəfindən qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini qeyd edib.
Daha sonra görüş məhkəmə təcrübəsində rast gəlinən və müzakirəsinə ehtiyac duyulan məsələlərlə bağlı qarşılıqlı maraq doğuran fikir mübadiləsi ilə davam etdirilib.
Görüş iştirakçıları vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüququn tətbiqində yanaşmanın sabitliyini və hüquqi mövqeyin proqnozlaşdırılan olması baxımından bu kimi fikir mübadilələrinin və görüşlərin səmərəli olduğunu qeyd ediblər.