Goranboyda həyətində narkotik tərkibli bitkilər becərməkdə təqsirləndirilən Sərxan Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mikayıl Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 29-da keçiriləcək.
Qeyd edək ki, Dəliməmmədli şəhər sakini Sərxan Bağırovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 18 kq 604 qram olan 51 ədəd çətənə aşkar edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını bir müddət əvvəl əkdiyini etiraf edib. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
