Məzmuna keç

27 sentyabr – Zəfər yolumuzun başlanğıcı!

Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədli "27 sentyabr – Zəfər yolumuzun başlanğıcı!" adlı məqalə yazıb.

E-huquq.az-ın redaksiyasına göndərilən məqaləni təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Artıq, 3-cü ildir ki, xalqımız torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini uca tutaraq Anım Gününü qeyd edir.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Haqq işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev 27 Sentyabrı Anım Günü kimi bəyan etməklə, xalqımızı bu günün işığında bir daha birləşdirdi. Artıq ikinci ildir ki, xalqımın Anım gününü kədərdən, üzüntüdən daha çox qürur, mərdlik günü kimi qeyd edir.

Cənab Prezident 27 sentyabr 2020-ci il tarixdə xalqa müraciətində bildirirdi ki, “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Bu il anım günü xüsusi abu-havada qeyd olunur. Belə ki, cari ilin 19-20 sentyabrında müzəffər ordumuz həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində Qarabağdaki qanunsuz qondarma xuntaya sarsıdıcı zərbə endirilmiş və o, təslim olmağa məcbur olmuşdur. Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimiz ruhları şaddır – artıq Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etmişdir. Tarix bird aha sübut etdi ki, 27 senyabr məhz Zəfər yolumuzun başlanğıcı olmuşdur!