- 18:09
Azərbaycan demokratik, hüquqi və sivil bir dövlətdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra demikratik yol tutub və Cənubi Qafqazda böyük iqtisadi, siyasi, hərbi gücə malikdir. Erməni işğalçıları tərəfindən ərazimizin 20 faizindən çoxu 30 il işğal altında saxlanılsa da, Azərbaycan bununla heç vaxt barışmamış, beynəlxalq kürsülərdən, möhtəbər yığıncaqlarda ona öz qəti etirazını bildirmişdi. BMT-nin 4 qətnaməsi olsa da, çox təəssüf ki, bu, nə BMT, nə ATƏT, nə də digər beynəlxalq təşkilatlar tərəfindən həll etməmiş, əksinə işğalçılara arxa durmuşlar. Ulu Öndər Heydər Əliyev bu haqsızlığa qarşı həmişə öz səsini ucaltmış və dünyaya Azərbaycanın haqq səsini çatdırmışdır. Əlbəttə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmlənməyə bacardı. Belə ki, ölkəmiz bir şox beynəlxalq lahiyələrə imza atdı və Bakı-Ceyhan neft kəməri işə düşməklə “Əsrin müqaviləsi” imzalandı. Aydındır ki, ölkəmizin siyasi və hərbi cəhətdən möhkəmlənməsi düşmənlərimizi heç də sevindirmirdi, əksinə onlar bu və ya digər formada inkişafımıza maneçilik törədirdi. Ulu Öndər Heydər Əliyev həmişə məcburi qaçqınlar və köçkünlərlə görüşlərində deyirdi ki, biz Şuşaya, Füzuluyə, Ağdama, Laçına, Zəngilana, Qubadlıya, Kəlbəcərə qayıdacağıq. Sadəcə olaraq, bir qədər dözməli və güclənməliyik. Biz get-gedə gücləndik, iqtisadi və hərbi qüdrətimizi artırdıq. Ermənilər üzərində ilk qələbəmizi Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Ordusunun gücü ilə 1994-cü ilin yanvarın əvvəllərində qazandıq. Həmin döyüşlər zamanı Füzulinin işğal altında olan 22 yaşayış məntəqəsi və Horadiz şəhəri ermənilərdən azad edildi. Artıq qələbəmizin bünövrəsi həmin illərdə qoyulmuşdu. Bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, bir daha işğalçıların iç üzü, terrorçuluq fəaliyyəti dünya ictimaiyyətinə çatdırılmışdır. Çox təəssüf ki, Ermənistan bunlardan heç bir nəticə çıxarmamış, əksinə yeni-yeni kəndlərimizi, şəhərlərimizi işğal etmək barəsində bəyanətlar səsləndirmişdir. Üstəlik də 2020-ci il sentyabrın əvvəllərində tez-tez atəşkəsi pozur, kəşfiyyat-dversiya qrupları ərazimizə keçir, yolları minalayır və eyni zamanda cəbhə bölgəsinə yaxın rayonlarımızın yaşayış məntəqələrinə müxtəlif ağır texnikalardan zərbələr endirirdi.
Artıq buna dözmək olmazdı! Ona görə də 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. Ermənilərin uzun müddət xof yaratdığı “Ohanyan səddi” Azərbaycan Ordusu tərəfindən bir-neçə saatın içərisində darmadağın edildi və əsgərlərimiz bir neçə gün ərzində Füzulinin və Cəbrayılın 7 yaşayış məntəqəsini erməni işğalından azad etdilər. Azərbaycanın “ildırımsürətli” hücum planı qarşısında erməni əsgərləri pərən-pərən düşmüşdü. Onlar döyüş mövqelərini, səngərləri, ağır texnikanı və digər silahları ataraq qaçırdılar. Təbii ki, qüdrətli və güclü Azərbaycan Ordusu hər saat, hər gün yeni bir yaşayış məntəqəmizi azad edirdi. Ermənilərin havadarları və o cümlədən Fransa çalışırdılar ki, Azərbaycan Prezidenti İlham Əliyevə təzyiqlər eləsin və döyüşü saxlasın. Amma cənab Prezident də xalqa müraciətində bir fikri xüsusilə vurğulayırdı ki, bizi heç bir qüvvə dayandıra bilməz!
Bəli, Azərbaycan Ordususnun hücumunu heç bir xarici qüvvə dayandıra bilmədi. Çünki Ali Baş Komandan əmr vermişdi ki, Ordumuz axıra qədər döyüşməli və işğal altında olan torpaqlarımızı azad etməlidir. Ilk işğal altında olan Cəbrayıl şəhəri və yaşayış məntəqələri azad edildi. Sonradan Hadrud, Füzuli, Zəngilan, Qubadlı və Şuşa erməni işğalından tamamilə təmizləndi. 2020-ci il noyabrın 10-da ermənilər təslim aktına imza atdı və 3 dövlətin – Azərbaycanın, Rusiyanın, Ermənistanın iştirakı ilə Bəyənnamə imzalandı. Bu bəyənnaməyə əsasən noyabr-dekabr aylarında erməni işğalçıları Ağdamı, Laçını, Kəlbəcəri tərk etməli idilər və zaman gəldi, onlar həmin rayonlardan da çıxıb getdilər. Amma onlar bir daha vəhşiliklərini göstərdilər. Belə ki, erməni işğalçıları o rayonlardan çıxarkən evləri, meşələri yandırdılar. Bir daha dünyaya öz iç üzlərini göstərdilər. Onlar o qədər azğınlaşmışdılar ki, qəbiristanlıqlarda baş daşlarını sökmüş, bəzi qəbirlərdən cəsədlərdəki dişləri çıxarmış, bununla da kifayətlənməyib, həmin qəbir yerlərində taxıl əkmişdilər. Onların vəhşiliklərindən biri də məscidlərimizdə donuz saxalamaları idi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində deyirdi ki, bizim əsgərlərimiz aslan kimi döyüşürlər, onlar heç nədən qorxmadan torpaqlarımızın azad olunması yolunda canlarından belə keçməyə hazırdılar. Əlbəttə, erməni əsgərlərindən fərqli olaraq Azərbaycan əsgəri bu torpaqda şəhid olmağı şərəf bilirdi. Həmin günlərdə 3 min şəhidimiz oldu və o şəhidlərin hər biri qanları ilə tarixə “Azərbaycan, Qarabağ!” sözlərini yazdılar. Və Azərbaycan xalqı bu 44 gündə öz böyüklüyünü, öz müdrikliyini və öz qəhrəmanlığını göstərdi. Cəbhədə döyüşmək üçün minlərlə gənc növbəyə durmuşdu, hansı ki, onlara “gözlə” - deyirdilər, amma onlar çox tələsirdilər və Vətən uğrunda döyüşməyə can atırdılar. Bu döyüşlər zamanı Azərbaycan əsgəri yeni bir tarix yazdı və 200 ildə xalqımızın qazanmadığı qələbəni əldə etdi. Azərbaycan bir qarış torpağını da düşmənə verməyəcək!
Azərbaycan bayrağı Cəbrayıla, Hadruta, Füzuliyə, Zəngilana, Qubadlıya, Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına sancıldı. 44 günlük Böyük II Qarabağ savaşı Azərbaycan Ordusunun hansı gücə və qüdrətə malik olmasını göstərdi. 44 günlük savaş onu da göstərdi ki, Azərbaycan BMT-nin 30 ildə icra etmədiyi 4 qətnaməsini qısa zaman kəsiyində yerinə yetirdi. Dünya hərb tarixində bənzəri və oxşarı olmayan 44 günlük savaş yeni bir salnamənin yazılmasına səbəb oldu. Tarixə qızıl hərflə yazılan Azərbaycanın möhtəşəm qələbəsi hərb tarixinin yeni səhifəsi deməkdir. Təbii ki, Azərbaycan Ordusunun bu döyüş yolu dünyanın bir çox ölkələri tərəfindən təhlil edilir, öyrənilir və araşdırılır. Çünki Azərbaycan Ordusu sözün həqiqi mənasında 44 gündı möhtəşəm bir tarix yazdı!
Həm də həmin günlər Azərbaycan xalqı Prezident İlham Əliyevin və Ordumuzun ətrafında bir yumruq kimi birləşdi, tarixi qələbə qazandı və “Qarabağ Azərbaycandır!” – deyərək, işğal altında olan 20 faiz torpaqlarımızı işğaldan azad etdi. Çox təəssüf ki, ermənilər bu məğlubiyyətdən və “Dəmir Yumruq”dan nəticə çıxarmadılar. Belə ki, erməni işğalçıları yenidən 2023-cü ilin sentyabrnda təxribatlar törətməyə başladı. Onlar kəşfiyyat xarakterli əməliyyat həyata keçirir, yolları minalayır və ərazilərimizi mütəmadi atəşə tuturdular. Sentyabrın 18-də 7 polis əməkdaşının və bir neçə mülki vətəndaşın minaya düşməsi yenidən xalqımızın və dövlət başçısının səbr kasasını doldurdu. Ona görə də Prezident İlham Əliyevin əmri ilə Qarabağda lokal anti-terror əməliyyatı keçirdi. Bu əməliyyat zamanı ermənilərin 90-dan çox döyüş mövqeyi, ağır texnikası və minə yaxın canlı qüvvəsi məhv edildi. Təbii ki, müstəqil Azərbaycan dövlətinin özünün ərazi bütövlüyünü təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı antiterror tədbirləri Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquq normalarına tamamailə uyğundur. Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən tərksilah edilməsi və silah-sursatlarını təhvil verməklə Qarabağdan çıxarılması regionda sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addımdır. Erməni separatçılarının ağ bayraq qaldırması və təslim olması bir daha onu təsdiq edir ki, Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə dayana bilməz. Ordumuz 24 saatlıq möhtəşəm qələbə ilə yeni bir tarix yazdı və dünyaya bəyan etdi ki, Qarabağın ərazi bütövlüyü tam təmin edilib və eyni zamanda Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən ən güclü, ən qüdrətli dövlətidir və qonşularımız da bununla razılaşmağa məcburdular!
Ləman Musayeva
Bakı İnzibati Məhkəməsinin hakimi