"Hayat Palace" məhkəmə qərarından narazıdır: "İş tam və hərtərəfli araşdırılmayıb"


  • 5 Oktyabr 2023 14:52

"Hayat Palace" QSC "İzmir" restoranının mülkiyyətçisi tərəfindən verilən iddia əsasında Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən narazıdır.

Bu barədə e-huquq.az-a müraciət edən şirkətin baş direktoru Pərviz Hüseynov məlumat verib.

Onun sözlərinə görə, iddiaçı məhkəməyə müraciət edərək "Hayat Palace"nin restorana və onun altındakı əraziyə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunda maneə yaratdığını bildirib və bağlanmış avtomobil yolunun açılmasını, "Hayat Palace" MTK-nın guya qanunsuz müdaxiləsinə son qoyulmasını tələb edib. Məhkəmə isə iddianı təmin edib.

P.Hüseynov məhkəmə qərarının əsassız olduğunu iddia edib.

"Biz iddia olunduğu kimi, heç kəsin hüquqlarını pozmamış, heç bir maneə yaratmamışıq. "Hayat Palace" öz mülkiyyət hüquqları çərçivəsində tikinti işləri aparıb. Bütün işlər mövcud qayda-qanunlara uyğun olaraq həyata keçirilib. Restoran sahibinin iddia etdiyi kimi, hər hansı qanunsuz maneədən söhbət gedə bilməz. Həmin ərazi şirkətimizə məxsusdur və orada hasar əvvəldən olub. Sadəcə onlar restoranı təmir edəndə bizdən müvəqqəti giriş-çıxış üçün yol istədilər. Biz də həmin imkanı yaratdıq, baxmayaraq ki, onların alternativ giriş-çıxış yolları var idi. Lakin sonradan bizi məhkəməyə verdilər. İddia edirlər ki, biz onların mülkiyyət hüquqlarına məhdudiyyət yaradırıq. Bu, tamamilə əsassız iddiadır. Bu hasar bizim mülkiyyətimiz daxilində çəkilib. Təbii ki, restorana giriş-çıxış üçün başqa alternativ yol olmasaydı, biz şərait yarada bilərdik. Lakin hazırda restoran sərbəst fəaliyyət göstərə bilir, piyada yolu ilə giriş-çıxış mümkündür. Harda yazılıb ki, restoran ərazisinə mütləq qaydada avtomobil yolu ilə də giriş-çıxış imkanları yaradılmalıdır? Hesab edirik ki, hakim Ayaz Məmmədovun qəbul etdiyi bu qətnamə qanunsuzdur. Çünki bu qətnamənin tələbləri "Hayat Palace"nin hüquqlarını pozur. Əgər hakim həmin əraziyə yerində baxış keçirsəydi, özü də canlı şahid olardı ki, restorana giriş-çıxış üçün yol var. Əslində həmin restoran özü yaxınlıqda yaşayan sakinlərin hüquqlarını pozur. Belə ki, gecə saat 2-dək fəaliyyət göstərən restoranda yüksək səslə musiqi səsləndirilməsi ətrafdakı binalarda yaşayan sakinləri narahat edir. Bununla bağlı dəfələrlə aidiyyatı qurumlara bizim tərəfimizdən və qonşular tərəfindən müraciət olunub", - deyə o qeyd edib.

Məsələ ilə bağlı fikirlərini bildirən vəkil Cəmilə Ağayeva da işin hərtərəfli araşdırılmadığını söyləyib: "Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə tam qanunsuz və əsassızdır. Qətnamə ilə tanış olduqda aydın olur ki, iş tam və hərtərəfli araşdırılmayıb. Çünki məhkəmə iddiaçının təqdim etdiyi sənədlərə əsasən qərar qəbul edib, cavabdehin təqdim etdiyi sübutlara istinad olunmayıb. Halbuki dövlət qurumları tərəfindən cavabdehə verilən sənədlərə əsasən, tikintinin aparıldığı və həmin hasarın çəkildiyi ərazi "Hayat Palace"yə məxsusdur. Cavabdeh iddia olunduğu kimi heç bir kəsin hüquqlarını pozmayıb, gediş-gəlişə əngəl törətməyib. Tikinti bütün qayda-qanunlara əsasən aparılıb".

Oxşar xəbərlər