"Aztelekom" İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından oğurluq etməkdə təqsirləndirilən Vahid Zairov və Rövşən Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
Hakim Zaur Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, ilkin dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, qabaqcadan əlbir olaraq Atbulaq kəndi ərazisində yerləşən inzibati binaya dəmir barmaqlıqları qırmaqla qanunsuz daxil olduqlarını, oradan dəyəri 1000 manatdan artıq olan bir ədəd elektrik generatorunu ələ keçirdiklərini və Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
