Məzmuna keç

Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi

Rüşvət vermədə təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirov və onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənov barələrindəki hökmdən kassasiya şikayəti veriblər.

E-huquq.az-ın məlumata görə, şikayət Ali Məhkəməyə təqdim edilib və hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Eldarovla M.Həsənovun hər biri 5 il və S.Nəsirov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Həsənovun barəsində verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub. O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib. Həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Nəsirova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.

Şəbnəm Mehdizadə