Ağdaşda xırdabuynuzlu heyvanların oğurlanmasında təqsirləndirilən Rəhilə Qurbanova və Ayaz Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.
Hakim Cavid Sultanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Sabirabad rayon sakini Rəhilə Qurbanova, onunla qeyri-rəsmi münasibətdə yaşayan Ayaz Vəliyev rayonun Yuxarı Qəsil və Kükəl kəndləri ərazisindəki otlaq sahəsindən xırdabuynuzlu heyvanları oğurlamaqda təqsirləndirilirlər. Araşdırma zamanı saxlanılan şəxslərin ayrı-ayrı tarixlərdə oğurladıqları heyvanları A.Vəliyevə məxsus avtomobillə Kürdəmir rayonuna apararaq orada satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
