Məzmuna keç

Vəkil: “Ali Məhkəmənin ədalətli qərarı məhkəmə sistemindən əlini üzmüş vətandaşa ümid oldu”

"03.05.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində bir mülki iş üzrə yekun qətnamə qəbul edildi. Apellyasiya şikayətimiz təmin edilmədi. Birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsi qüvvədə qaldı. Müdafiə etdiyim şəxs dövlətin adından qərar çıxardan məhkəmdən əlini tamamilə üzdü. Bu vətandaşın dövlətə olan ümidinin üzülməsi demək idi".

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Əziz Qənbərli "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, daha sonra kassasiya şikayəti verilib və Ali Məhkəmə sözügedən qətnaməni ləğv edib.

"İnam Kərimov təxminən bir ay olardı ki, Ali Məhkəməyə sədr təyin edilmişdi. Onun təyinatından sonra məhkəmə sistemində köklü dəyişikliklər olacağına ümidim yaranmışdı. Ali Məhkəmənin Mülki Kollegiyasında verilən qərar bu ümidin boşa çıxmadığını sübut etdi. Mülki Kollegiyada islahatlar Sənan Hacıyev təyin ediləndən biruzə verirdi. İnam Kərimovun təyinatı isə Sənan müəllimə daha qətiyyətli olmağa zəmin yaratdı. Yuxarıda qeyd etdiyim qətnaməninin ləğv edilərək ədalətli qərar qəbul edilməsi məhkəmə sistemindən əlini üzmüş vətandaşa ümid oldu. Buna görə Ali Məhkəmənin rəhbərliyinə və kollektivinə təşəkkür edirəm", – deyə o qeyd edib.

Şəbnəm Mehdizadə