Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 11 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə seçim turları və təlim mərhələlərini uğurla başa vurmuş 32 nəfər birinci instansiya məhkəmələrinə hakim təyin olunublar. Maraqlıdır, ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan vəkillər bu təyinatları necə qiymətləndirir?
E-huquq.az mövzu ilə bağlı vəkillərin fikirlərini öyrənib.
Vüqar Babayev deyib ki, artıq məhkəmə-hüquq islahatlarının növbəti mərhələsi başlayıb və bu mərhələ birbaşa hakimlərin fəaliyyəti ilə əlaqədardır: "Məhkəmə baxışının şəffaflığının təmin edilməsi, hakimlərin müstəqilliyinin, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində müəyyən işlər görülür. İnam Kərimovun Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına sədr təyin olunması ilə bu proses daha da sürətlənib, yeni keyfiyyət standartlarına sahib olmağa başlayıb. Bu baxımdan da hakim korpusunun gənc, savadlı hüquqşünaslar hesabına komplektləşdirilməsi çox önəm kəsb edir. Düşünürəm ki, son zamanlar təyin edilən hakimlər daha uğurlu, daha keyfiyyətli və bir sıra neqativ hallardan uzaq insanlardır. Bilirsiniz ki, Vəkillər Kollegiyasından da bir neçə vəkil hakim təyin olunub. Onlar elə vəkilliyə qəbul olunarkən də çox savadlı, dürüst insanlar kimi yoxlama mərhələlərindən keçərək qəbul olunublar. Bu, onun göstəricisidir ki, yaxşı, savadlı hüquqşünaslar hakim seçilirlər. Əminəm ki, bu təyinatlar ədalət mühakiməsinin səmərəliliyinin artmasına xidmət edəcək".
Şaiq Mirzəyev hakim korpusunun gəncləşməsinin müsbət nəticələr verəcəyini deyib: "Yeni savadlı hakimlər təyin olunur, hakimlərin müstəqilliyi möhkəmlənir. Yeni təyinatlar, həmçinin hakimlərin iş yükünün azalmasına və işlərə daha keyfiyyətli və səmərəli baxılmasına imkan yaradır. Çünki bizdə, həqiqətən də, hakimlərin iş yükü çoxdur. Bu da işin keyfiyyətinə mənfi təsir edir. Hesab edirəm ki, bir hakimin icraatında il ərzində 100-dən çox iş olmamalıdır. Ona görə də hakimlərin sayı daha da artırılmalıdır. Ümumilikdə isə deyə bilərəm ki, bu gün Məhkəmə-Hüquq Şurasının apardığı islahatlar məqsədəuyğundur. Lakin bütün bunlarla yanaşı, hakimlərin maddi və sosial təminatının gücləndirilməsinə də ehtiyac var".
Nərmin Əliyeva yeni təyinat alan hakimlər arasında vəkillərin də olmasını sevindirici hal kimi qiymətləndirib: "Bizim bir neçə həmkarımız da hakim təyin olunub. Hesab edirəm ki, vəkillik təcrübəsi olan şəxslər daha təcrübəli hakim kimi formalaşacaq. Çünki vəkil ədalət mühakiməsinin həyata keçirilməsində vacib fiqurlardan biridir və bu prosesi daha yaxından izləyən bir subyektdir. Onlar hakim kimi cəmiyyətə daha faydalı olacaqlar. İnanıram ki, təcrübəli hakimlər də yeni təyin olunan gənc hakimlərin peşəkar kadrlar kimi formalaşmasına dəstək olacaqlar. Həmçinin qeyd etməliyəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni təyinatların olmasını müsbət qiymətləndirirəm. Çünki orada humanist hakimlərin təyinatına çox ehtiyac var idi. Azər Tağıyev, Elnur Nuriyev, Aytən Əliyeva kimi hakimlərin bu məhkəməyə təyin olunmaları çox yaxşı oldu. Ümid edirəm ki, tezliklə Bakı İnzibati Məhkəməsinə də yeni təyinatlar olacaq. Çünki orada da iş yükü hədddindən artıq çoxdur".
Elvin Səlimov bildirib ki, yeni təyinat alan hakimlər arasında vəkillərin də olması ədalət mühakiməsinin daha keyfiyyətli həyata keçirilməsinə töhfə verəcək: "Vəkillər hüququn müxtəlif sahələri üzrə təcrübəyə malik olurlar. Digər təkprofilli işləyən hüquqşünaslardan fərqli olaraq, vəkillər çoxprofilli şəkildə işləyir və qanunvericiliyi daha yaxşı bilir. Eləcə də vəkillər bu gün məhkəmə-hüquq sistemində olan problemləri daha yaxşı bildiyi və aktiv fəaliyyət göstərdiyi üçün bu problemlərin aradan qaldırılması ilə bağlı daha düzgün addımlar atacaqlar. Yeni təyinatlar həm də hakimlərin iş yükünün azalmasına səbəb olacaq. Hesab edirəm ki, bu gün məhkəmələrdə iş yükü çoxdur. Buna görə, heç olmasa, paytaxt məhkəmələrində hakimlərin sayı ən azı iki dəfə artırılmalıdır. Çünki nəzərə almaq lazımdır ki, hakimlər, məhkəmə işçiləri gərgin rejimdə işləyir. Bu reallıqdır ki, onlar iş vaxtından əlavə də çalışmalı olurlar. Biz onların əziyyətini yüksək qiymətləndiririk".
Anar Qasımlı yeni təyinatların hakimlərin iş yükünün azalmasına səbəb olacağını və nəticədə işlərə daha keyfiyyətli baxılmasına imkan yaranacağını qeyd edib: "Təkcə elə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə 3 nəfər yeni hakimin təyin olunması əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Çünki indiyədək Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cəmi bir tərkib fəaliyyət göstərirdi. Bu da təbii ki, işlərin baxılmasına vaxt baxımından problemlər yaradırdı. Bu təyinatlar həmin problemi ən azı yarıya qədər azalda biləcək. Gələcəkdə də hakimlərin sayının artırılması gözlənilir. Bir sıra məhkəmələr var ki, həqiqətən də, kadr çatışmazlığından əziyyət çəkir. Bütöv bir rayonun iş yükü bir hakimin üzərinə düşür. Keyfiyyət məsələsinə gəlincə isə, yeni təyin olunan hakimlər əvvəlkilərdən müsbət mənada daha çox fərqlənməlidir. Onların hər biri savadlı kadrlardır, çoxmərhələli imtahan proseslərindən keçib hakim olublar. Arzu edirəm ki, onlar yeni fikirli olsunlar. Bu da hakimlərin müstəqilliyindən irəli gələn bir məsələdir. Hakim nə qədər müstəqil olarsa, bir o qədər yeni fikirli olar. Onu da deməliyəm ki, biz bugünkü məhkəmə sistemini 15 il əvvəlki məhkəmə sistemi ilə müqayisə edə bilmərik. Müsbət mənada çox böyük dəyişikliklər var. Düşünürəm ki, müsbətə doğru inkişaf gələcəkdə də davam edəcək".
Ceyhun Yusifov bildirib ki, hakimlərin seçki prosesinin sadələşdirilməsi təqdirəlayidir: "Hesab edirəm ki, hakimliyə namizədlərin seçim prosesinin şəffaf şəkildə aparılması hüquq cameəsi tərəfindən alqışlanır. Lakin əvvəllər bu proses lüzumsuz yerə uzadılırdı. Bilirsiniz ki, artıq proses sadələşdirilib, hakimliyə namizədlərin imtahan prosesi sürətləndirilib. Amma yenə də hesab edirəm ki, ciddi kadr boşluğu var. Kadr potensialını artırmaq üçün imtahanları daha sürətli keçirmək lazımdır. Yeni təyinatları isə ümumilikdə müsbət qiymətləndirirəm və faydalı olacağını düşünürəm".
Xəyalə Bünyatova
