- 3 Sentyabr 12:46
Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmış Kamran Musayev Şəki Rayon Məhkəməsinə hakim təyin olunub.
E-huquq.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Kamran Musayevlə görüş keçirilib.
Görüşdə məhkəmənin sədri Mübariz Əkbərov ölkəmizdə qanunun aliliyinin təmin olunmasının və məhkəmə-hüquq islahatlarının əhəmiyyəti, ölkə başçısının tapşırıqlarına uyğun olaraq məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən tədbirləri qeyd edib. Dövlət başçısının kadr islahatlarına və gəncləşmə siyasətinə uyğun olaraq yeni nəsil hakimlərin bu gün məhkəmə korpusunun 80 faizini təşkil etdiyi bildirilib. Həmçinin ictimai həyatın müxtəlif sahələrində fəallığı ilə fərqlənən qadınların sayı gender bərabərliyinə uyğun olaraq hakim vəzifəsinə təyinat alanların təxminən yarısını təşkil edib. Sədr məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasının bilavasitə hakimlərin fəaliyyətindən asılı olduğunu vurğulayıb, dövlət başçısının ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələrini xüsusilə diqqətə çatdırıb.
Daha sonra, sədr Mübariz Əkbərov məhkəmənin kollektivi və öz adından Kamran Musayevi təbrik edərək onun hakimlik fəaliyyəti müddətində ədalət mühakiməsinin səmərəliliyinin yüksəlməsinə layiqli töhvə verilməsi üçün hakim andına sadiq qalacağına, bu çətin və şərəfli işin öhdəsindən layiqincə və vicdanla gələcəyinə inandığını bildirib.
Yeni təyinat alan hakim Kamran Musayev çıxış edərək ona göstərilən yüksək etimada görə cənab Prezidentə minnətdarlığını ifadə edib, ədalət mühakiməsini müstəqil və qərəzsiz həyat keçirəcəyinə və hakim adını həmişə uca tutacağına söz verib.
Görüşdə iştirak edən mülki kollegiyanın sədri və məhkəmə aparatının rəhbərliyi də Kamran Musayevi təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.