Məzmuna keç

Rüşvətə görə həbs edilən hakimin şikayəti əsasında məhkəmə başladı

Həbsdə olan Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov, onun məsləhətçisi Şahid Allahverdiyev və keçmiş vəkil Məmməd Yaqubovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

Həbsdə olan Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov, onun məsləhətçisi Şahid Allahverdiyev və keçmiş vəkil Məmməd Yaqubovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə ifadə verən hər üç şəxs özlərini təqsirli bilmədiklərini, ittihamla razı olmadıqlarını söyləyiblər.

Məhkəmənin növbəti iclası dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, istintaqla Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A. İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş. Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubova da ittiham verilib. Lakin onun barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməmişdi.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.İsmayılov 2 il 6 ay, Ş.Allahverdiyev və M.Yaqubov hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib. Vəkillər Kollegiyasının üzvü olmuş M.Yaqubov məhkəmə zalında həbs edilib.