Məzmuna keç

Məhkəmə sədri: “Ədalət mühakiməsi rəmzlərinin sərgisi mühüm əhəmiyyət kəsb edir”

"Avropa Ədalət Mühakiməsi Günü"nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi hüquq ictimaiyyəti üçün çox böyük əhəmiyyət kəsb edir.

E-huquq.az xəbər verir ki, bunu sərgidə şəxsi kolleksiyası nümayiş olunan Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sərgidə nümayiş olunan eksponatlar Azərbaycanın məhkəmə-hüquq sistemi tarixinin öyrənilməsi baxımından faydalı olacaq.

"Ali Məhkəmənin və Vəkillər Kollegiyasının rəhbərliyinə təşəkkür edirəm ki, kolleksiyamızın nümayiş olunması üçün şərait yaradıblar. Mənim kolleksiyamda 100-dən çox ölkənin məhkəmə hakimiyyəti, prokurorluq və vəkilliyinə aid rəmzlər toplanıb. Həmin rəmzləri 15 ildir ki, toplayıram. Hesab edirəm ki, bu kolleksiya gələcək hüquqşünaslar üçün çox əhəmiyyətlidir. Çünki burada ölkəmizin məhkəmə-hüquq sisteminə aid çox nadir eksponatlar, bir sıra sənədlər var. Bunların hamısı ölkəmizin hüquq tarixinin öyrənilməsi üçün çox böyük əhəmiyyət kəsb edir", – deyə sədr qeyd edib.

Şəbnəm Mehdizadə