Noyabrın 7-də Gəncə Kommersiya Məhkəməsində Zəfər Günü ilə əlaqədar tədbir keçirillib.
E-huquq.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan məhkəmənin sədri Rəşad Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlardan danışıb. Bildirib ki, müzəffər Azərbaycan ordusunun tarixi zəfərə imza atması ilə şəhidlərimizin, həmçinin Gəncə və digər şəhər və rayonlarımızda həlak olan günahsız insanların qisası döyüş meydanında alınıb.
Torpaqlarımızın erməni işğalından azad olunması uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının və günahsız insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sədr məhkəmənin kollektivini “8 Noyabr – Zəfər Günü” və “9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü” münasibətilə təbrik edərək bildirib ki, bu gün Azərbaycan xalqı “Heydər Əliyev ili” çərçivəsində Zəfər gününü daha böyük coşğu ilə qarşılayır, çünki bu il ərzində ərazi bötüvlüyümüzlə yanaşı, suverenliyimiz də tam təmin olunub. Artıq Azərbaycan bayrağı nəinki Şuşada, eləcə də, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və bütün Qarabağda dalğalanır.
Tədbirdə çıxış edən məhkəmənin hakimləri Gülnaz Quliyeva və Kənan Vəliyev müzəffər ordumuzun vətənpərvərliyi, mübarizliyi və qəhrəmanlığı barədə danışaraq, Zəfər Gününün milli qürur və şərəf tariximiz olaraq əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram kimi qürurverici gün olduğunu bildiriblər.
Sevindirici hal olaraq qeyd edilib ki, məhkəmənin aparatında hakimin köməkçisi vəzifəsində işləyən Əhməd Nicat Ramiz oğlu hərbi əməliyyatların başlandığı ilk gündən könüllü olaraq ordu sıralarına qoşulmuş və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Məhkəmənin kollektivi Zəfər günü ərəfəsində böyük bayram münasibətilə Vətən müharibəsinin iştirakçısı Nicat Əhmədi təbrik etmiş, ona işlərində müvəffəqiyyətlər arzu ediblər.
Göstərilən diqqətə görə minnətdarlığını bildirən Vətən müharibəsinin iştirakçısı keçdiyi döyüş yolu ilə bağlı kollektivlə xatirələrini bölüşüb.

