Məzmuna keç

Sumqayıtda ata və oğulun öldüyü yol qəzası ilə bağlı məhkəmə başlayır

Sumqayıtda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əkbər Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Hafiz Əliyevin sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclası martın 27-də baş tutacaq.

Qeyd edək ki, Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “Mercedes” markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini 1969-cu il təvəllüdlü Azad Fəxrəddin oğlu Bayramov və onun oğlu, 1990-cı il təvəllüdlü Anar Azad oğlu Bayramovu həyatını itirib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə