Ali Məhkəmə tərəfindən həyata keçirilən işlər təqdirəlayiqdir - VƏKİL RƏYLƏRİ


  • 18 Mart 16:22

Məlum olduğu kimi, bir müddət öncə Azərbaycan Respublikasının Ali Məhkəməsində ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə məhkəmə təcrübəsi üzrə yeni axtarış sistemi yaradılıb. Yeni sistem vasitəsilə Ali Məhkəmənin Plenum qərarlarına, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarına, vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarına və kassasiya qaydasında baxılmış işlər üzrə digər məhkəmə aktlarına əlçatanlıq təmin edilib.

E-huquq.az yeni yaradılan sistem barədə vəkillərin fikirlərini öyrənib.

Vəkil Vasif Hüseynov deyib ki, uğurlu məhkəmə islahatlarının bəlkə də ən vacib elementi vahid məhkəmə təcrübəsinin formalaşmasıdır: "Nəzərə alsaq ki, vahid məhkəmə təcrübəsinin formalaşması üçün əsas olan ilkin hüquqi sənəd kimi məhz cənab Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixində "Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” çıxış edir. Sözügedən fərmanın icrasının təmini kimi, vahid məhkəmə təcrübəsinin formalaşması ədalətli, obyektiv məhkəmə araşdırması üçün bu çox vacib məsələdir. Çünki vətəndaşların çox vaxt haqlı narazılıqları onunla bağlı olurdu ki, nə üçün eyni faktiki halları özündə birləşdirən tələb üzrə başqa şəxsdə məhkəmə mübahisə bir cür hüquqi qiymət verib, lakin bizim işdə isə başqa cür hüquqi yanaşma olub. Təbii ki, bu kimi narazılıqların qarşısının alınmasının ən optimal yolu və eyni zamanda məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Təbii ki, bu ağır yük Azərbaycan Respublikası Ali Məhkəməsinin üzərinə düşür. Bu səbəbdən, Ali Məhkəmə ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirərək, bir çox işlər görməklə, mübahisəli məsələlər üzrə qərardadlar qəbul etməklə yanaşı, eyni zamanda məhkəmə təcrübəsi üzrə yeni axtarış sistemi istifadəyə verilib ki, bu addımı mən yüksək qiymətləndirirəm. Belə ki, sözügedən axtarış sistemi nəinki vəkillərin, hüquqşünasların, hətta adi vətəndaşların da onlara həlli lazım olan mübahisənin hüquqi həllinin məhkəmə perspektivlərini görməyə imkan verəcək. Mən bir vəkil olaraq həmin axtarış sistemindən istifadə etmişəm, çox da məmnun qalmışam. Düzdür, bir çox mübahisələr, sahələr üzrə təcrübə formalaşması mövcud deyildir, yəni formalaşma tam deyil, proses davam edir. Amma nəzərə almaq lazımdır ki, Ali Məhkəmənin bu istiqamətdə aktiv fəaliyyətini davam etdirir. Sevindirici haldır ki, vahid məhkəmə təcrübəsi formalaşmasında Ali Məhkəmə tərəfindən ekspertlərlə yanaşı vəkillərin, hüquqşünasların da fikirlərini və təkliflərini mütləq nəzərə alır".

Vəkil İsrafil Əlili də yeni axtarış sisteminin yaradılmasını yüksək qiymətləndirib: "Sistemin imkanlarından istifadə etmişəm. Vəkillər üçün də, vətəndaşlar üçün də çox faydalıdır. Məhkəməyə müraciət edən şəxs ən azından axtarış edərək bu sistem vasitəsilə işin perspektivini öyrənmiş olacaq. Bu sistem elə gənc hakimlər üçün də gərəkli olacaq. Qərar qəbul edərkən analoji işlər üzrə Ali Məhkəmənin mövqeyini biləcəklər".

Vəkil Taleh İbrahimov Ali Məhkəmənin məhkəmə təcrübəsi üzrə yeni axtarış sisteminin çox faydalarından bəhs edib: "Məhkəmə təcrübəsi ilə bağlı hər hansı qərar lazım olduqda asanlıqla tapa bilirik. Hər hansı hüquqi məsələnin təcrübədə öz həllini necə tapmasını rahatlıqla öyrənə bilirik. Bu, biz vəkillərin işini xeyli asanlaşdırır. Ümumiyyətlə, son zamanlar Ali Məhkəmə tərəfindən həyata keçirilən işlər təqdirəlayiqdir. İslahatların bundan sonra da davam etməsini arzu edirəm".

Vəkil Emin Kiçikbəyov da deyib ki, yeni yaradılan sistem çox əhəmiyyətli və lazımlı bir sistemdir: "Ali Məhkəmənin məhkəmə təcrübəsi üzrə yeni axtarış sisteminin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkür edirəm. Həqiqətən də vəkillər üçün çox lazımlı bir sistemdir. Mən bu sistemi çox bəyəndim. İşlərin perspektivinin müəyyən edilməsi üçün əhəmiyyətlidir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər