Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Oqtay Əliyevin cinayət işinin bəzi detalları məlum olub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən olunub ki, Oqtay Əliyev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə küli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq edib.
Belə ki, təqsirləndirilən şəxs tanışı Mehriban Sadıqovaya özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək Abdullayev Suliddinin adına Şəmkir rayonu ərazisində, Kür çayının yaxınlığında yerləşən 382 hektar torpaq sahesinin çıxarışının əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib.
Beləliklə O.Əliyev zərərçəkmiş şəxs Suliddin Abdullayeva ümumilikdə 10 min 700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.
Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Mehriban Sadıqovaya özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək etibarından
sui-istifadə edib, Mehriban Sadıqovaya, sonuncunun tanışı Əzizə İsmayılzadənin övladı Elman Mehdiyevi nəqliyyat departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin edilməsində köməklik edəcəyinə dair yalan vəd verib.
O, E.Mehdiyevin vasitəsilə Mehriban Sadıqovadan 8 min manat alaraq Əzizə İsmayılzadəyə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.
Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Mehriban Sadiqovaya özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək onun tanışı İdris Şahbazovun oğlu Əli Şahbazzadəni 5 min 500 manat pulun müqabilində təhsil aldığı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Biznes və Turizim fakültəsindən Azərbaycan Dövlət Bədən Terbiyəsi İdman Akademiyasına köçürülməsinə köməklik edəcəyinə dair yalan vəd verərək aldadıb.
Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Mehriban Sadıqovaya özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək onun qohumu Günel Əliyevanı paytaxtın Xətai rayonu ərazisində fəaliyyətə başlayacaq "Asan Xidmət" mərkəzində vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumilli pasportlarının verilməsi bölməsində mütəxəssis işinə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, ona qarşı ümumilkdə 2 min 500 dələduzluq edib.
Bundan başqa, təqsirləndirilən şəxs, Mehriban Sadıqova vasitəsilə onun tanışı Svetlana Osmanovanın övladı Samir Hüseynlini "Azercell Telecom" MMC-yə aylıq əmək haqqı məbləği 1800 manat olan işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib.
Bundan başqa O.Əliyev, Arifə Əliyevanın qohumu Ramilə Sadıqovanı əvvəllər işlədiyi "Azəriqaz" Istehsalat Birliyində İnsan resurslar şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, ümumilikdə 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib. Eyni zamanda, o Arifə Əliyevanın tanışı Gülnar Əlizadəni Suraxanı rayonunda yerləşən 282 və ya Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbdə müəllim vəzifəsinə təyin olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 4 min manat dələduzluq edib.
İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Nərminə Cəfərovaya özünü işgüzar şəxs kimi təqdim edib etibarından sui-istifadə edərk sonuncuya qarşı 54 min 350 manat dələduzluq edib.
Nəhayət, o zərərçəkmiş Əli İsa Ağayevin dayısı Araz Qarayevin etibarnamə əsasında istifadə etdiyi Biləsuvar rayonu ərazisində yerləşən 250 hektar qış otlaq sahəsi ilə bağlı Biləsuvar Rayon Məhkəməsi tərəfindən Araz Qarayevin xeyrinə qətnamə çıxarılmasında köməklik edəcəyinə dair yalan vəd verərək dələduzluq edib.
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə araşdırılır.
İş üzrə 8 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb.
Ona qarşı 178.3.2-ci Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsində ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
