Bakıda 50 manata görə tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin bəzi detalları məlum olub


  • 31 May 2024 10:50

Bakıda tanışını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Rauf Salayevin cinayət işinin bəzi detalları məlum olub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Rauf Salayev ötən il iyunun 23-də qonşusu Qoşqar Qarazadəyə çatdırmaq üçün onun plastik kart hesabına göndərilmiş 50 manat məbləğində pulu xərcləyib.

O, həmin gün saat 22:20-də yaşadığı Qaradağ rayonu, Lökbatan yolunda yerləşən "Cənub Qapısı" Yaşayış Kompleksinin həyətindəki bərbərxananın qarşısında Qoşqarla rastlaşarkən, Qoşqar həmin pulu qaytarmasını tələb edib və aralarında mübahisə yaranıb.

Bu zaman təqsirləndirilən şəxs Qoşqar Qarazadənin ünvanına nalayiq ifadələr işlədərək Qoşqar Qarazadəni yerə yıxaraq ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib.

Təsadüfən həyətdə olan Ömər Hudulov müdaxilə edərək mübahisəni sakitləşdirməyə cəhd edib.

Belə olan halda Ömər mübahisəyə aydınlıq gətirmək üçün gecə 12-də zəng vuraraq qardaşı Həsən Hudulovu çağırıb və Həsən həyətdəki super marketin arxa giriş qapısının yaxınlığına gələrək Rauf Salayevə hücum çəkib. Bu məqamda Rauf Həsən Hudulovun şalvarının bel hissəsinə qoyduğu bıçağı görüb cǝld sağ əli ilə həmin bıçağı götürüb və həmin bıçaqla Həsənin ürəyindən vuraraq öldürüb.

Rauf Salayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər