Məzmuna keç

Hakimlər İttifaqı ilə “Femida Könüllüləri” Təşkilatı arasında memorandum imzalandı

Azərbaycan Hakimlər İttifaqı ilə “Femida Könüllüləri” Təşkilatı arasında birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, Memorandumun məqsədi gənclərin hüquqi maarifləndirilməsi və gənc hüquqşünasların məhkəmə-hüquq sahəsində bilik və təcrübələrinin inkişaf etdirilməsinə nail olmaq, onların müasir əmək bazarına uyğunlaşdırılmasına dəstək göstərməkdir.

Əməkdaşlıq çərçivəsində Hakimlər İttifaqı daxilində könüllü fəaliyyətinin təşkili, tədbir, seminar, təlim və konfransların təşkilinə dəstək göstərilməsi nəzərdə tutulur. Eyni zamanda birgə konfrans, təlim və digər tədbirlərin keçirilməsi, birgə nəşrlərin, tədris vəsaitlərinin və maarifləndirici materialların hazırlanması planlaşdırılır.

Mərasimdə açılış nitqi ilə çıxış edən Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, Azərbaycanda könüllülər fəaliyyətinin təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində atılıb və hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi, Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bu fəaliyyət uğurla davam etdirilməkdədir. Sədr qeyd edib ki, digər sahələrdə də olduğu kimi, məhkəmə-hüquq sistemində də könüllük fəaliyyətinin təşkil edilməsinə ehtiyac yaranıb və bu məsuliyyətli işi “Femida Könüllüləri” Təşkilatı öz üzərinə götürüb. Bu Təşkilat ölkənin bütün instansiya məhkəmələrində, vəkillik təşkilatlarında, həmçinin Məhkəmə-Hüquq Şurası Aparatında gənc hüquqşünasların fəaliyyət göstərməsində əhəmiyyətli rol oynamaqla bir tərəfdən qurumların fəaliyyətinə dəstək, digər tərəfdən gənc hüquqşünasların şəxsi inkişafına töhfə verib.

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxışında birgə əməkdaşlığın həm “Femida Könüllüləri” Təşkilatı, həmçinin ölkə üzrə hüquq təhsili alan və ya almağı düşünən gənclər üçün əhəmiyyətini vurğulayıb. Tərəflər arasında əməkdaşlıq memorandumunun bağlanmasının hüquqşünas gənclərin hüquq sistemində iştirakçılığının artırılması və bu sahədə könüllü fəaliyyətinin institutionallaşdırılmısı üçün atılan daha bir önəmli addım olduğunu qeyd edilib.