Məzmuna keç

İnam Kərimov: “Məhkəmə sistemi sahəsində Türk dünyası ilə qarşılıqlı əlaqələrə xüsusi önəm verilir”

"Bu gün məhkəmə sistemi sahəsində də Türk dünyası ilə qarşılıqlı əlaqələrə xüsusi önəm verilir".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən "Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya" mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.

O ötən ilin oktyabr ayında Şuşa şəhərində Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalandığını xatırladıb.

"Bununla da ölkələrimizin məhkəmə sistemləri arasında münasibətlərdə yeni səhifə açılmış oldu. Həmçinin bu yaxınlarda Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısı keçirildi, yeni şəbəkənin yaradılması və gələn il Toplantının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi", – deyə İ.Kərimov bildirib.