Qanunvericilik aktlarının düzgün tətbiq edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri Rafael Eyvazov və həmin kollegiyanın hakimi Fuad Babayev Bakı şəhəri Nizami Rayon Məhkəməsində olublar.
E-huquq.az xəbər verir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri İlham Kərimli məhkəmə tərəfindən baxılmış mülki işlər üzrə statistik məlumatları təqdim edib, yekun məhkəmə aktlarının yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi və ləğv olunması səbəblərinin mütəmadi olaraq təhlil və müzakirə olunduğunu bildirib.
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri Rafael Eyvazov Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas olmuş xarakterik nöqsanlara yol verildiyini bildirib.
Hakim Fuad Babayev də hüququn tətbiqi ilə bağlı müvafiq tövsiyələrini diqqətə çatdırıb.
Daha sonra görüş qarşılıqlı maraq doğuran fikir mübadiləsi ilə davam etdirilib, eyni zamanda məhkəmə təcrübəsində rast gəlinən və fikir ayrılığına səbəb olan hallarla bağlı müzakirələr aparılıb.
