Məzmuna keç

Milyonluq dələduzluq işində özünü “zərərçəkmiş” hesab edən təqsirləndirilən şəxsin məhkəməsi başladı

Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Şaiq Mirzəyev və Rəşad Abdıyev vəsatət qaldıraraq bildiriblər ki, məhkəmə mühasibatlıq ekspertizası təyin edilsin: "Cahangirin göndərdiyi bütün pullar banklarda köçürmə yolu ilə olub. Fərdi sahibkar olaraq Əhməd Mütəllimov qanunsuz pulların ölkədən çıxarılmasının bir başa təşkilatçısıdır. Ölkədən əgər milyonlar çıxıbsa, niyə geri qaytarılmır? Fakt olaraq Cahangir Qəmbərov özü zərərçəkmiş şəxs hesab edilməlidir".

Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxsin vəkillərinin vəsatətini təmin etməyib.

Hakim bu qərarı onunla əlaqələndirib ki, prosesdə tərəflər dindirilməyib, məhkəmə istintaqı yekunlaşmayıb.

Daha sonra prokuror Ziya Mansurov ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ona qarşı elan edilən ittihamla özünü təqsirli bilməyib.

Onun istintaqda verdiyi ifadələrə əsasən, eyni zamanda vəkillərinin bildirdiyinə görə, əsas zərərçəkmişlərdən biri Əhməd Mütəllimovla yaxın münasibətləri olub, onun tapşırıqları ilə külli miqdarda pulu öz bank hesablarından Türkiyə, Çin və Dubayda olan Əhməd Mütəllimov və onun kirvəsi Şənli Şükürovun təsisçisi olduğu xarici şirkətlərin hesablarına təxminən 10 milyon manat pul köçürülüb: "Həmin şirkətlərin mənə təxminən 6 milyon 800 min manat borcu qalıb. Həmin şirkətlərdən nə mal, nə də pul qaytarılır ".

Daha sonra məhkəmə istintaqının başlanmasını təqsirləndirilən şəxsin ifadəsi və zərərçəkmişlərə çarpaz sual-cavab verilməsi ilə davam etdirilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası iyulun 9-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu