Məzmuna keç

Məhkəmə ana və oğlunu maşınla vurub öldürməkdə təqsirləndirilən sürücüyə bəraət verdi

Bakı Apellyasiya Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərarə əsasən, T.Tağıyevə bəraət verilib və o, dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2021-ci ilin aprel ayında Sabunçu rayonu ərazisində baş verib. Belə ki, Tağıyev Taleh Əhliman oğlu idarə etdiyi "Ravon" markalı avtomobillə yolu keçən Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub. Nəticədə ana və oğlu ölüb, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Şəbnəm Mehdizadə