Rüşvət almaqda təqsirləndirilən bələdiyyə sədrinin məhkəməsi başladı


  • 12 İyun 14:19

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev ittiham aktını elan edib.

İstintaqla məlum olub ki, Fikrət Quliyev Natiq Şiriyevdən Yeni Suraxanı bələdiyyəsinin inzibati binasında 2 dəfəyə 20 min manat pul alıb və ona torpaq üzərində ev tikintisi üçün sərəncam alacağına söz verib. Nəsrəddin Paşayevdən də oxşar fakt üzrə 10 min manat pul alıb. Nəsirov Zöhrab Elxan oğluna məxsus torpağ sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə üçün 7 min 500 manat pulu bələdiyyənin inzibati binasında alıb. Həmçinin keçmiş bələdiyyə sədrinin imzasını saxtalaşdırıb müxtəlif torpaq sahələrini bir neçə vətəndaşa satıb.

Təqsirləndirilən Fikrət Quliyev çıxış edərək özünu Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə təqsirli bilməyib, ancaq 312-ci və 178.2-ci maddə ilə təqsirli bilib.

Məhkəmənin növbəti iclası iyulun 17-nə təyin olunub.

Qeyd edək ki, ona qarşı Cinayət Məvəlləsinin 311.3-cü (rüşvət alma), 312-1 (rüşvətə vasitəçilik), 178.2 (xeyli miqdarda dələduzluq etmə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham irəli sürülüb. İstintaqla Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin rüşvət alma təkrar və külli miqdarda törədildikdə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və vəzifə saxtakarlığı maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Orxan Rasifğlu

Oxşar xəbərlər