Tələbələrə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxs məhkəmə qarşısında


  • 6 Sentyabr 14:45

Mədəniyyət və İncəsənət Universitetinin 4 tələbəsinə qarşı quldurluq etməkdə təqsirləndirilən Süleyman Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Məhəmmədəli Namazov qeyd edib ki, keçən il Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kursunda oxuyarkən Süleyman Əsgərov onu parkda yanına çağırıb: "Əl uzadıb salamlaşdı, adımı, yaşımı soruşdu. Sonra keçdi pul məsələsinə. Dedi ki, burda onun qohumu olan qızı döyüb 175 manat pulunu alıblar. Həmin şəxsi axtardığını söylədi. Özünün isə 10 il həbsdə olduğunu dedi. Çantanı yoxlamaq istədi. Dedi ki, əgər o pul oradan çıxsa, sənin üçün pis olacaq. Dedim ki, problem yoxdur. O da əlimi sıxıb, dedi ki, kişi adamsan".

Digər şahid Pünhan Quliyev ifadəsində Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kursunda oxuduğunu bildirib: "27 sentyabr 2023-cü ildə dərsdən çıxıb evə getmək istəyən zaman keçmiş qrup yoldaşım Əli Nuruzadəni gördüm. Dedi ki, dünən mənə parkda bıçaq çəkib 20 manatımı alıblar, ehtiyatlı ol. Ondan ayrılıb metroya gedəndə daş pilləkənlərin yanında Süleymanı gördüm. Mənə dedi ki, qohumumu döyüb pulunu alıblar. Sonra məndən üstümdə nə qədər pul olduğunu soruşdu. Dedim sənin nəyinə lazımdır? O da dedi ki, niyə belə "borzu-borzu" danışırsan? Uzun illər həbsdə yatdığını, mənim üçün yaxşı olmayacağını dedi. Bu vaxt arxadan qızla oğlan gəlirdi. Onları görüb mənimlə sağollaşdı. Mən bir az qabağa gedəndən sonra yadıma düşdü ki, Əliyə qarşı cinayət törədən bu adamdır. Dərhal Əlini tapdım, gedib dekanlığa dedik. Onlar da bizə dedi ki, həmin yolla getməyin, oradan mühafizəçiləri göndərəcəyik tapsınlar həmin adamı. Mən yenə keçiddən keçənd Süleymanı gördüm, hətta mənimlə salamlaşdı da. Mən bunu universitetin mühafizəçilərinə deyəndə onlar mənə həmin ərazinin universitetə aid olmadığını söylədilər. Biz məcbur qalıb Əli ilə gedib Yasamal RPİ-nin 27-ci polis bölməsinə şikayət etdik".

Məhkəmə prosesi sentyabrın 20-nə təxirə salınıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Yasamal RPİ-nin əməkdaşı tərəfindən saxlanılan Süleyman Əsgərov bundan öncə də quldurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb. Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə biçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş. Narkotik istifadəçisi olan Süleyman Əsgərov əldə etdiyi pulları narkotik vasitələrin alışına sərf edib.

Ona qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Bir qrup şəxsə qarşı quldurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər