Ali Məhkəmədə dostunu bıçaqlamaqda təqsirlndirilən Rövşən İsmayılzadənin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az-ın məlumatına görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, kassasiya şikayət təmin edilib. Belə ki, R. İsmayılzadənin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsindən həmin Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub.
Beləliklə, R.İsmayılzadənin 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin fevral ayında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, R.İsmayılzadənin tanışı Vüqar İsmayılov ondan borcunu nə vaxt verəcəyini soruşub və borc barədə söhbət etmək üçün çayxanaya dəvət edib. Bu səbəbdən onların arasında mübahisə baş verib. Mübahisə zamanı R.İsmayılzadə turist bıçağı ilə V.İsmayılovun qarın nahiyəsinə zərbə endirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.ismayılzadə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
Şəbnəm Mehdizadə
