- 16 May 16:46
"Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrinə təklif edilən dəyişikliklər ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, ictimai qaydanı daha effektiv formada cinayətkar qəsdlərdən qorumağı, eyni zamanda heç kəsin qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, hüquq və azadlıqların digər məhdudiyyətlərinə məruz qalmamasını və qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin daha səmərəli şəkildə bərqərar olmasını hədəfləyir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib
O bildirib ki, Cinayət Məcəlləsi üzrə təklif olunan dəyişikliyə əsasən, artıq şəraitin dəyişməsi ilə yalnız bir dəfə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur: "Digər təkliflə, oğurluq əməlinə görə sanksiya ağırlaşdırılaraq üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək ki, bu da gizli talamanın artıq böyük ictimai təhlükə törətməyən cinayətdən az ağır cinayətlərə şamil edilməsinə səbəb olacaq. Uyğunlaşmanı təmin etmək üçün isə Cinayət-Prosessual Məcəllədə bu əməlin məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılan maddələrin sırasından da çıxarılması təklif edilir".
Deputatın sözlərinə görə, digər dəyişiklik təklifi cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə istintaq və təhqiqat orqanlarının struktur rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində müvafiq səlahiyyətlərin verilməsi ilə bağlıdır.
"Habelə təklif olunur ki, cinayət işinin başlanması üçün əsasların müəyyən edilməsinə görə təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ilkin yoxlama proseduru 30 gündən artıq olmayan müddətdə məhdudlaşdırılsın.
Ən nəhayət, sonuncu təklif müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyini təmin etməyə hesablanıb. Bu məqsədlə, belə işlər üzrə istintaq hərəkətinin təxirə salınmadan aparılması üçün müstəntiqin əsaslandırdığı vəsatətə məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılmasını nəzərtə tutur" - deyə B.Məhərrəmov qeyd edib.
Şəbnəm Mehdizadə