İrsi transmissiyaya dair qanunvericilik təkmilləşdirilir


  • 11:28

İrsi transmissiya, yəni miras açıldıqdan sonra vərəsənin ölməsi ilə ölmüş vərəsənin vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik əsası təkmilləşdirilir.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək.

Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərdilərsə, dəyişikliyə əsasən, vərəsə miras açıldıqdan sonra onun müəyyənləşdirilmiş müddətdə qəbulundan imtina etmədən ölərsə, mirasın qəbulundan imtina etməmiş vərəsənin vərəsələri ilkin miras qoyandan qalmış əmlaka mirasın qəbulundan imtina etməmiş vərəsənin əmlakı kimi vərəsəlik şəhadətnaməsi ala bilərcəklər.

Beləliklə, layihədə irsi transmissiya, yəni miras açıldıqdan sonra vərəsənin ölməsi ilə ölmüş vərəsənin vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik əsası təkmilləşdirilərək, mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmaması müəyyən edilir.

Oxşar xəbərlər