Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı formalaşdırılacaq


  • 12:09

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı formalaşdırılacaq.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabı köçürüləcək:

- icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan "Icra haqqında" qanunda nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;

- cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin "İcra məmurları haqqında" qanunda nəzərdə tutulmuş məbləği;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.

Yuxarıda nəzərdə tutulan vəsait aşağıdakı məqsədlərə sərf ediləcək:

- ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər İşçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;

- dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;

- ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər İşçilərinin əlavə təhsilinə, ədliyyə orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə;

- ədliyyə orqanlarında qulluq keçən (işləyən) və ya əvvəllər qulluq keçmiş (işləmiş) müharibə veteranı adı almış şəxslərin, habelə ədliyyə orqanlarında qulluq keçmiş (işləmiş) şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə;

- icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilməsi mümkün olmadıqda həmin xərclərin ödənilməsinə;

-ədliyyə orqanlarının elmi-texniki potensialının artırılmasına, elmi tədqiqat işlərinin aparılmasına, ədliyyə sahəsində innovativ həllərin öyrənilməsinə və tətbiqinə.

Yuxarıda nəzərdə tutulan vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Nəzərə alınsa ki, "İcra haqqında" və "İcra məmurları haqqında" qanunlarınn müvafiq müddəalarına görə icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra xidməti icra məmurlarının xüsusi fonduna və ya dövlət büdcəsinə, cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən hissəsi Ədliyyə Nazirliyinin hesabına, eləcə də Elmi Şuranın müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya görə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizalar üzrə xərclər dövlət büdcəsinə köçürülür, təklif edilən dəyişikliklə xüsusi xəzinə hesabı yaradılmaqla bütün bu vəsaitlərin vahid bir hesabda toplanması və daha səmərəli formada istifadəsi təmin ediləcək.

Oxşar xəbərlər