"Anar Bağırov aktiv fəaliyyət göstərir ki, vəkillik institutu ölkənin hüquq sistemində layiqli yer tutsun"


  • 21 May 2021 14:09

"Ölkəmizdə insan hüquq və azadlıqlarının vəziyyəti, investisiya qoyuluşu, ölkənin iqtisadi və sosial durumu hakimlərin qəbul etdiyi ədalətli qərarlardan çox asılıdır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, xüsusuilə Azərbaycanın beynəlxalq imici ədalətli məhkəmə qərarlarından asılıdır: "Bunun üçün də hakimlər daha təşəbbüskar olmalıdırlar. Yəni, onlar qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verməlidirlər".

Deputat bəzi məsələlərə diqqət çəkmək istədiyini vurğulayıb: "Anar Bağırov Vəkillər Kollegiyasının sədri olandan sonra aktiv fəaliyyət göstərir ki, ölkənin hüquq sistemində vəkillik institutu daha layiqli yerini tutsun. Ancaq bəzi problemlər var. Bir konfransda mən bizim vəkillərin çıxışı ilə tanış oldum. Onlar haqlı olaraq gileylənirdilər ki, hansısa başlanmış cinayət işçi üzrə vəkilin iştirakı olmadan əvvəlcə şahid kimi dindirirlər, sonra təqsirləndirilən şəxs qismində cəlb olunurlar və vəkilin iştirakı olmadan ilkin verilən ifadələr də ittihamın əsasını təşkil edir. Hakimlər də bunu görürlər, ancaq bununla bağlı qanunvericliyin təkmilləşdirilməsi istiqamətində əməli addım atmırlar. Hesab edirəm ki, bu məsələ nəhayət öz həllini tapmalıdır".

Q.Həsənquliyev onu da qeyd edib ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir: "Dövlət əleyhinə, o cümlədən şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər törədənlər, residivistlər, hansısa cinayətkar qrupun üzvləri ilə bağlı məsələlərdə, əlbəttə, həbs qətimkan tədbiri seçilə bilər. Amma digər hallarda həbs qətimkan tədbiri seçilməməlidir. Qanunvericilikdə dəyişikliklər eləməliyik və girov müqabilində onlar azadlığa buraxılmalıdır ki, öz müdafiələrini təşkil edə bilsinlər. Onlardan yaxşı öz müdafiələrini təşkil edə biləcək şəxs yoxdur”.

Oxşar xəbərlər