Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi ilə bağlı istər mediada, istər sosial şəbəkələrdə müzakirələrin aparılması müsbət haldır və hesab edirəm ki, bu kimi ictimai diskussiyalar cəmiyyətin gözləntilərinin müəyyən olunması və layihənin təkmilləşdirilməsi baxımdan əhəmiyyətli rol oynayacaq.
Lakin nəzərə alaq ki, prosessual münasibətləri dəyişmək asan məsələ deyil, xüsusən, mülki-prosesin qaydaları oturuşmuş və hüquq ictimaiyyətinin alışdığı münasibətlərdir. Bu mənada, biz dəyişikliklər ətrafında müzakirə apararkən mahiyyətdən yayınmamalı, məsələyə mümkün qədər konseptual baxmalıyıq. Bu layihənin konsepsiyası məhkəmə-hüquq islahatlarının dərinləşməsini hədəfləyir, əminliklə də demək olar ki, cənab Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanında qoyulmuş məhkəmə icraatının effektivliyinin artırılması, sürətli və səmərəli həllin təmin edilməsi məqsədlərinə nail olmaq üçün vacib bir sənəddir.
Təbii ki, layihədə müəyyən məqamlar var ki, məndə də suallar doğurur və iyulun 1-də keçiriləcək ictimai müzakirələr zamanı, habelə, qanun layihəsinin plenar iclasda ikinci oxunuşun tələbləri üzrə konkret təkliflərimi verəcəyəm. Lakin bir daha deyirəm, bir neçə maddə ətrafında mübahisəli məqamların olması ümumilikdə təqribən 160 maddəni əhatələyən dəyişikliklərin ümumi konsepsiyasına xələl gətirməməlidir.
İndiki halda, konkret olaraq gündəmdə olan yeni 174.5-ci maddəyə gəlincə, hakimin məhkəmədə tərəfləri əsassız etiraz verməyə, yaxud vicdansızcasına əsassız iddia verməsi və ya iddiaya qarşı mübahisə etməsinə, işin tezliklə baxılaraq həll edilməsinə maneçilik törətməsinə görə cərimələmək hüququ olub. Hazırda qüvvədə olan MPM-in 21.5-ci maddəsində 110 manat cərimə, 120-ci maddədə isə ağlabatan məbləğdə tutma müəyyən olunub. İndi əlavə edilən maddə də əslində bu yanaşmanın davamıdır. Lakin bu maddədə diqqət çəkən nüans vəsatət və şikayətlərin “açıq-aşkar əsassız” olması kriteriyaların necə müəyyən olunacağıdır. Əlbəttə, bütün hüquqşünaslar hansı vəsatət və şikayətin işə düzgün və tezliklə baxılmasına mane olacağını yaxşı ayırd edə bilir, lakin indi müzakirələr göstərir ki, qanunun tətbiqi zamanı bu məsələ özü ayrıca mübahisə predmeti olacaq. Bu mənada maddə ətrafında hüquqi mövqe sabitləşməlidir.
Həmçinin, digər bir məqama da münasibət bildirmək istəyirəm. İndi biz kassasiya şikayətinin hədlərini dəyişdiririk, əvvəl mülki işlərdə bu hədd 2000 manat idisə, layihə ilə 5000 manata qaldırılır. Əvvəlcə onu deyim ki, bu məsələyə kasıb-varlı prizmasından yanaşılmasının əleyhinəyəm. Əksinə, mövcud dəyişiklik daha çox elə aztəminatlı təbəqənin işinə yarıyan məsələdir. Çünki nəzərdə tutulan iddialar üzrə işlər elə məsələlərdir ki, nəticəsi əvvəldən bəllidir, yəni bunu Ali Məhkəməyə qədər uzatmağın əhəmiyyəti yoxdur. Məsələn, az təminatlı bir insana qonşusu 3000 manat ziyan vurur, ziyanın vurulması mübahisəsizdir, həm birinci həm ikinci instansiyada adam qalib gəlir, amma ziyan vuran məsələni Ali Məhkəməyə qədər uzadır. Bax dəyişiklik bu kimi problemlərin qarşısını alacaq. Amma bir məqam da var ki, biz əgər bu tip işlərdə vətəndaşı kassasiya imkanından məhrum ediriksə, ötən gün Vəkillər Kollegiyasının Sədri də bu məsələni qaldırdı, mən də iki dəfə Milli Məclisin Plenar iclasında bu məsələni səsləndirmişdim, vətəndaşa heç olmazsa, aşağı instansiyalarda dövlət hesabına hüquqi yardım imkanını təmin etməliyik. Aztəminatlı vətəndaşı aşağı instansiyada dövlət hesabına vəkillə təmin etmək üçün resurslar da var, hər il Vəkillər Kollegiyasına ayrılan vəsaitin xeyli hissəsi büdcəyə geri qayıdır, bax elə o vəsait hesabına biz prosesi reallaşdıra bilərik.
Mən bir daha demək istəyirəm, bu layihədə çox ciddi məqsələr qoyulub. MPM-ə bir də nə zaman belə köklü dəyişiklik edəcəyik bilmirəm, indi yaxşı imkandır. Hesab edirəm ki, bu imkandan istifadə edib prosessual sahədə çatışmazlıqların əsaslı hissəsini aradan qaldıra bilərik. Bu, hər kəsdən öncə elə qanunvericilik subyektinin özünün, cənab Prezidentin iradəsinə, qarşıya qoyduğu məqsədə uyğundur.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı, h.ü.f.d. dos.
