"Cənab Prezident vəkillik fəaliyyətində yeni bir mərhələnin başlamasına təkan verdi"


  • 16 İyul 2021 21:33

Prezident İlham Əliyevin bu gün imzaladığı “Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında” 09.07.2021-ci il tarixli Qanununun tətbiqi və “MPM-in təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun tətbiq edilməsi barədə” 22.01.2000-ci il Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanı Azərbaycan məhkəmə-hüquq tarixində növbəti inqilabi addım hesab olunmalıdır.

Dövlət başçısı Fərmanla Nazirlər Kabinetinə üç ay müddətində mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair təkliflər hazırlamağı tapşırır.

Bu isə o deməkdir ki, artıq mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi mümkün olacaq.

Məlumdur ki, cinayət prosesindən fərqli olaraq, mülki məhkəmə icraatında dövlət hesabına hüquqi yardım yalnız Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə təmin olunurdu. Bu isə birinci və apellyasiya instansiya məhkəmələrində vəkil xidmətlərindən istifadə edə bilməyən aztəminatlı vətəndaşların hüquq və qanuni mənafelərin lazımi formada təmin olunmamasına, məhkəmə müdafiəsinin əhəmiyyətinin azalmasına gətirib çıxardığı üçün sözün əsl mənasında hüquq ictimaiyyətini narahat edirdi.

Bu baxımdan, xeyli müddət idi ki, mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan vətəndaşlara dövlət hesabına hüquqi yardım göstərilməsi məsələsi ətrafında müzakirələr gedirdi. Şəxsən mən bu problemi üç dəfə Parlamentin iclasında gündəmə gətirmiş, büdcənin icrası ilə bağlı Hökumətin son hesabatında da Maliyyə naziri cənab Samir Şərifovun diqqətinə çatdırmışdım.

Habelə, Vəkillər Kollegiyasının Sədri cənab Anar Bağırovla dəfələrlə bu yöndə müzakirələrimiz baş tutmuş, eyni mövqedən çıxış etmişdik. Həmişə olduğu kimi, bu dəfə də dövlət başçımız, böyük humanistlik edərək indiki mürəkkəb şəraitdə vəkillərimizi ciddi narahat edən problemə həssaslıqla yanaşıb səsimizə səs verməklə, həm Azərbaycanda insan hüquq və azadlıqların səmərəli müdafiə və təminatı, həm də vəkillik fəaliyyətində yeni bir mərhələnin başlamasına təkan verdi və buna görə özümün və Parlamentdə böyük qürurla təmsil etdiyim vəkil həmkarlarımın adından möhtərəm Prezidentimizə təşəkkür edirəm.

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı, h.ü.f.d. dos.

Oxşar xəbərlər