Xüsusi qaydada təyin olunmuş hakimlərin əvvəlki hüquqşunas ixtisası üzrə iş stajları hakimlik stajına hesablanacaq


  • 16 Sentyabr 2021 15:33

“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov e-huquq.az-a nəzərdə tutulan dəyişikliyi şərh edib.

Onun sözlərinə görə, sözügedən qanunun 93-4-cü maddəsində müəyyən ziddiyyət mövcuddur: "Bildiyiniz kimi, "Məhkəmələr və hakimlər haqqında" qanunun 93-4 -cü maddəsinə əsasən, hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası müəyyən olunur. Xüsusi qaydanın mahiyyəti ondan ibarətdir ki, seçkilərdə iştirak etmək hüququna, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər yazılı və şifahi imtahan prosedurundan keçmədən Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. İndiyə qədər bir neçə dəfə bu təcrübəyə müraciət olunub. Lakin həmin hakimlərin əvvəlki hüquqşünas ixtisası üzrə iş stajları hakimlik stajına hesablanmayıb və bu da hakimlər arasında faktiki bərabərsizlik yaradırdı. Bu isə bir ziddiyyətə səbəb olurdu, çünki qanunla bütün hakimlər işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. İndi bu vəziyyəti aradan qaldırmaq üçün "Məhkəmələr və hakimlər haqqında" qanunun 93-4 -cü maddəsinə yeni bir hissə əlavə edilir və beləliklə, xüsusi qaydada təyin olunmuş hakimlərin əvvəlki hüquqşunas ixtisası üzrə iş stajları hakimlik stajına hesablanması nəzərdə tutulur", - deyə B. Məhərrəmov qeyd edib.

Oxşar xəbərlər